Ötən ilin dekabrında Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” – hava və ekstrim idman klubunun üzvlərinin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün, mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib.
Ərazidən 2 kişi, 1 qadın meyitinin və alpinistlərə aid əşyaların aşkar edildiyi bildirilir.
“Gilavar” hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
2 gün sonra alpinistlərin axtarışına başlanılmışdı.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, alpinistlər qar uçqununa düşüblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılmışdı.