Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Diaspor təşkilatlarına qarşı olan hücumların arxasında kimlər dayanır?

Rəşad Quliyev: “Bu şəxs bir neçə gün öncə Azərbaycan Respublikasnın Berlindəki səfirliyinin qarşısında ölkəmizə qarşı təşkil edilmiş aksiyanın əsas təşkilatçısıdır”

 

Son vaxtlar Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və onların rəhbərlərinə qarşı hansısa qüvvələr tərəfindən planlı şəkildə qarayaxma kampaniyası həyata keçirilir. Belə ki, ayrı-ayrı diaspor təşkilatlarının rəhbərləri barədə müxtəlif KİV-lərdə, elektron portallarda həqiqətə uyğun olmayan məlumatlar dərc edilir, onlar bu və ya digər məsələdə əsassız olaraq ittiham edilirlər. Bir neçə gün əvvəl İsveçdəki Azərbaycan diasporunun rəhbəri Səttar Sevgin barədə yayılan yalan məlumatın ardınca mediada, sosial şəbəkələrdə daha bir diaspor təmsilçisi Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev barədə qərəzli materiallar dərc edilib. Həmin materialda DAA rəhbəri dələduzluqda ittiham olunur. Məsələ ilə bağlı fikirlərini bölüşən DAA rəhbəri Rəşad Quliyev deyib ki, rəhbərlik etdiyi təşkilatın qısa müddət ərzində gördüyü işlər və qazandığı uğurlar müəyyən şəxsləri ciddi narahat etdiyindən onlara qarşı qarayama kampaniyası aparılır. Rəşad Quliyev hər hansı təxribat və qarayaxma kampaniyasına baxmayaraq DAA-nın öz fəaliyyətini davam etdirəcəyini, hər zaman Azərbaycanın adına, milli maraqlarımızın qorunması uğruna çalışacaqlarını dilə gətirib:

 

 

“Məlumdur ki, Dünya Azərbaycanlıları Assambleyası olaraq bir çox uğurlara imza atmışıq və yeni təşəbbüslərimizlə bu uğurlarımıza davam edirik. Bu uğurları gözü götürməyən, ölkəmizin daxilində və xaricində fəaliyyət göstərən bəzi qruplar haqqımda çirkin kampaniyaya start veriblər. Bu gün mətbuatda haqqımda başladılan qarayaxma kampaniyası şəxsimin fonunda əslində gördüyümüz işlərə zərbə vurmaq , Dünya Azərbaycanlıları Köln Forumu öncəsi cəmiyyətdə çaşqınlıq yaratmaq , qara piar aparmaq , fəaliyyətimizə kölgə salmaq məqsədi güdür. Bu gün bəzi qərəzli mətbuat səhifələrində haqqımda “Diaspora rəhbəri dələduz çıxdı” yazı verməklə nə qədər saxtakar, riyakar və qərəzli olduqlarını ortaya qoymuşlar. Qarşı tərəfin fikrini dinləmədən, “dələduzluq” kimi cinayətdə ittiham etmək, obyektivlik naminə mənim də mövqeyimə yer verməmək ancaq məkirli planın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu “yazı”larda qərəz olduğu verilən başlıqlardan açıq hiss olunur. Özlərini “aldatılmış” adlandıran bu şəxslər guya tanınmış saytlardan birinin redaktorunun qohumlarıdır. Amma “aysberq”in görünməyən başqa tərəfi vardır. Belə ki, bu sifarişin əsl təşkilatçıları həmin saytın rəhbərinin Almaniyada yaşayan “siyasi” mühacir , keçmiş qondarma Talış Muğan Respublikasının “daxili işlər naziri” Əlövsət Əliyevdir. Bu şəxs bir neçə gün öncə Azərbaycan Respublikasnın Berlindəki səfirliyinin qarşısında ölkəmizə qarşı təşkil edilmiş aksiyanın əsas təşkilatçısıdır. Biz isə həmin aksiyadan öncə təşkilat olaraq bu aksiyanı pislədiyimizi bəyan edərək Avropada yaşayan azərbaycanlıları həmin tədbirdə iştirak etməməyə çağıraraq müraciət ünvanlamışıq. Bunun qisasını bizdən almaq istəyənlər 6 ay öncə baş vermiş, əslində təqdim edildiyi kimi deyil, başqa formada olan hadisəni indi qabartmağa, “zərəçəkənin” “qayğı “sına indi qalmağa başlayıblar”. Rəşad Quliyev bildirib ki, yazıda göstərilən məbləğ tam olaraq ona aid deyil, “zərərçəkmiş” kimi təqdim olunan şəxsin razılığı ilə başqa şəxslərə verilib: “Mən sadəcə olaraq vasitəçilik etmişəm. Pulu alan şəxs də pulu aldığını inkar etmir və hələ də razılaşmaya sadiq olduğunu bildirir. Pulu mənim hesabıma köçürmələrinin səbəbi isə məni indi fırıldaqçılıqda ittiham edən şəxslərin o zaman artıq bank köçürməsi faizi xərcləməmələri üçün onlara kömək göstərməm üçün etdikləri israrlı xahişləri olub. Məni bu işdə ittiham edənlərə isə dəfələrlə zəng etməyimə baxmayaraq nə zənglərimə cavab verir, nə də danışmağa hazır olduqlarını göstərirlər. Bununla aydın olur ki , həmin şəxslər “zərərçəkmiş” lərə dəstək olmaq deyil, qərəz nümayiş etdirir və şəxsimə qarşı kampaniya həyata keçirirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir