Vəkil Bəhruz Bayramov yanvarın 6-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovla görüşüb.
Bu barədə “Azadlıq”a Bəhruz Bayramov özü məlumat verib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs son günlər baş verənlərdən ciddi narahatdır: “Rüfət Səfərovla görüşdüm. O, saxlandığı kameraya 25 illik məhkumluq həyatı yaşayan, xüsusi təhlükəli residivistin salındığı haqda məlumatları təsdiqlədi. O, bu addımın arxasında xoş niyyət olmadğını bildirdi. Rüfət Səfərovun bildirdiyinə görə, həmin şəxs 1992-ci ildən məhkumluq həyatı yaşayır. Bu müddət ərzində bir neçə dəfə azadlığa buraxılsa da, qısa müddətdən sonra cinayət törədərək yenidən həbsxanaya qayıtmalı olub. Sonuncu dəfə 2016-cı ilin yay aylarında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib”.
Vəkil baş verənlərin hüquqa zidd olduğunu bildirir: Müdafiə etdiyim şəxsə qarşı bu münasibət anlaşılan deyil. Bu, Penitensiar xidmətin təlimatlarına və Cəzaların İcrası Məcəlləsinə də ziddir”.