Arzu Abdullayeva: “Silahsiz insanlara zor tətbiq etmək mənəviyyata, İslam əxlaqına, həmçinin Konstitusiyaya ziddir”
Son həftələrdə ölkədə keçirilən mitinq və etiraz aksiyalarının dinc xarakterli olmasına baxmayaraq, polis iştirakçılara qarşı zorakılıq edir, çoxlu sayda insanı həbs edir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilir, zorakılıq göstərilir. Bu məsələ jurnalistlərlə bağlı hüquq müdafiəçilərini də narahat edir.
Hüquq müdafiəçisi Arzu Abdullayeva baş verənlərlə əlaqədar saytımıza danışıb: “Dinc aksiya keçirən insanlara qarşı zor tətbiq etmək – insan haqlarının pozulması ilə yanaşı, rüsvayçılıqdır. Dinc aksiyaçılara zor tətbiq etmək mənəviyyata, İslam əxlaqına, həmçinin Konstitusiyaya ziddir. Çünki dinc aksiya keçirmək insanın əsas azadlıqlarından biridir. Konstitusiya bu hüququ vətəndaşlara verib. Bu hüququ pozanlar – deməli bizim əsas qanunumuzu da pozurlar. Normal, sivil ölkədə həmin idarədən kimsə aksiya iştirakçılarının qabağına çıxır, nümayəndəlik təşkil olunur, onlarla görüş keçirilir. Təəssüf ki, Azərbaycan hökuməti bu dəyərlərə zidd hərəkət edir”.
Daxili qoşunların keçmiş zabiti Elçin Qənbərov da bu barədə sualı cavablandırarkən baş verənləri biyabırçılıq adlandırıb. Onun sözlərinə görə bu yol verilməyəcək qədər ağır formada güc tətbiqidir və xalqa qarşı belə davranmaq olmaz: “Hökümətin sadə vətəndaşa hər hansı etiraza görə güc tətbiq etməsi normal hal deyil. Mən qəti olaraq bunun əleyhinəyəm. Əsas odur ki, hökümət vətəndaşı razı salsın. Lakin Azərbaycanda hökəmət vətəndaşı soyur, korrupsiya və rüşvət mühitində yaşamağa məcbur edir, ac qalmağına, normal təhsil və tibbi xidmət almamağına səbəb olur, etiraz edənləri də daxili qoşun qüvvələri ilə, polislərlə döyür. Bu həm qanunlara həm də insanlığın yazılmamış qanunlarına ziddir”.