Son üç günün müzakirəsi Tarif Şurasının 28 noyabr qərarıdır. Qərara əsasən, işıq və qazın qiyməti artıb. Belə ki, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşdirilib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hakimiyyət təbliğatçıları qərarın daha çox israfçılığın qarşısının alınması üçün qəbul olduğunu israr edirlər.
Yaranmış durumu köşə yazarı Şahvələd Çobanoğlu və REAL sədrinin müavini, iqtisadçı Natiq Cəfərliylə müzakirəyə çıxardıq.
– Siz necə düşünürsünüz, doğrudanmı, qərar israfçılığın qarşısını almaq üçün qəbul olunub?
Şahvələd Çobanoğlu:
– Qərar Azərbaycan xalqının cibinə girməkdir və çox hörmətsiz bir əməldir. Siyasilər və iqtisadçılar da razılaşar ki, belə qərarlar bu cür hörmətsiz şəkildə qəbul olunmur, axşam, insanların işdən yorğun gəlib yatmağa hazırlaşdığı bir vəziyyətdə. Bəzən də də vətəndaşlar səhər ayılır ki, tamam başqa bir situasiyayla üzləşib. 28 noyabr qərarı təkcə bahalaşma deyil, Azərbaycan xalqına bir hörmətsizlikdir.
– Qərarın axşam qəbulu yalnız hörmətsizlikdir, yoxş başqa məqamlar da var?
Şahvələd Çobanoğlu:
– Təbii ki, birinci iqtisadi amillərdir. Bu barədə Natiq Cəfərli, Rövşən Ağayev təhlillər yazıb. Ümumiyyətlə, qərar iqtsadiyyatın ziyanınadır.
– Natiq bəy, qərarın iqtisadiyyatın ziyanı nədən ibarətdir?
Natiq Cəfərli:
– Şahvələd bəy doğru deyir, bu tipli qərarlar gecənin bir aləmində qəbul olunmur. Bunun üçün öncədən açıqlamalar olmalıdır. Hətta hökumət nümayəndələri ictimaiyyətə o qədər hörmətsizlik etdilər ki, qərardan sonra normal rəsmi açıqlama verən olmadı. Hesablama qaydaları, texniki məsələlər barədə heç bir bilgiləndirmə verilmədi. Nəticədə insanlarda çox ciddi fikir qarışıqlığı yarandı, heç kim 28 noyabr qərarının nə demək olduğunu başa düşməmişdi, bilmirdilər insanların cibinə necə təsir edəcək? Hamı bahalaşma olduğunu bildi, amma bunun formulları necə olacaq suallarına cavab verməyə borclu olan hökumət nümayəndələri danışmalıydı. Qərarın verilmə səbəbi çox sadədir, 2 yol var idi: ya hökumət iştahından əl çəkib təbii inhisarlarda ixtisarlar aparmalı, struktur dəyişiklikləri, effektiv idarəetmə modelləri qurmalıydı, ya da bütün yükü insanların boynuna qoymalıydılar. İkinci yol, yəni çox primitiv bir yol seçildi. İndiki bahalaşma və əhalinin sürətlə yoxsullaşması, iş yerlərinin, gəlirlərin azalması, manatın sürətlə dəyərdən düşməsi fonunda belə bir qərarın qəbulu insanların sosial-iqtisadi vəziyyətinə vurulan ən böyük zərbə idi. Bu qərarın iqtisadi əsası yox idi.
– Ancaq əks düşünənlər də var. Deputat Rüfət Quliyev bildirib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək. Bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək. İstər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyəti “kombi” istilik sistemindən istifadə etmir. Bu barədə nə düşünürsünüz?
Şahvələd Çobanoğlu:
– Bu, növbəti yalandır. İqtisadçı Rövşən Ağayev rəsmi rəqəmlər nəticəsində ailə və adambaşına elektrikin, qazın istehlakını hesablayıb. Biz bütün dünyada qazı, işığı orta istehlak qiymətindən aşağı istehlak edirik, daha bundan artıq nəyə qənaət edə bilərik? Yəni uşağın hər gün burnu axmalı, adamlar hər gün xəstələnməlidir, qocaları tez xəstəxanaya çatdırmalıdır? Bundan artıq nə etməliyik? Deputatın dedikləri yalandan başqa bir şey deyil. 28 noyabr bahalaşma qərarında ən başlıca məsələ daha əvvəllər gizlədilmiş bir çox rəqəmin üzə çıxması oldu, həm də bir çox faktor öz təsdiqini tapdı. Məsələn, aztəminatlı və yoxsulluğuyla bağlı rəqəmlər. İllərdir hakimiyyət cəmiyyətə diktə edir ki, Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi 5 faizdir.
Natiq Cəfərli:
– Hətta Amerikadan da aşağı həddə…
Şahvələd Çobanoğlu:
– Həmin rəqəm ilk dəfə deyiləndə Böyük Britaniyada yoxsulluğun səviyyəsi 19 faiz idi, Azərbaycan hakimiyyəti isə öz ölkəsində 5 faiz elan etmişdi. Ona görə 28 noyabr qərarını aztəminatlı ailələrə qayğı kimi əsaslandırmağın heç bir əsası yoxdur. Aztəminatlı ailələrin səviyyəsi 62 faiz göstərilib, əslində, qərarın özü də heç bir aztəminatlı ailənin qayğısı deyil. Natiq Cəfərlinin dediyi kimi, hökumətin yanlış siyasəti, korrupsiyaya uğramış idarəçilik, böyük xərclərin talan edilməsi siyasəti uğursuzluqla nəticələndi. İndi də onu aradan qaldırmaq üçün vətəndaşlardan əlavə gəlir götürməlidirlər, kommunal qiymətləri bahalaşdırırlar ki, daha çox gəlir əldə etsinlər.
– Natiq bəy, siz 28 noyabr qərarı barədə demişdiniz ki, bunun nəticəsində büdcəyə 300 milyon vəsait daxil olacaq, Formula-1 və İslam Oyunlartı üçün isə 317 milyon lazımdır. Bu barədə daha nə deyə bilərsiniz?
Natiq Cəfərli:
– Bəlkə də hökumət rəsmiləri deyə bilər ki, bahalaşma nəticəsində yığılanları başqa istiqamətə yönəldəcəklər. Məqsəd və məram aydındır, ona görə ki, hökumət dövlət büdcəsinin və insanların ağır sosial şəraitində idman oyunlarını uğur hekayəsi kimi təqdim etmək yanaşmasından əl çəkmir. Hesablama Palatası idman oyunlarına xərclənəcək vəsaitin 317 milyon olduğunu açıqladı, bahalaşmadan isə orta hesabla büdcəyə təqribən 300-310 milyona yaxın vəsait daxil olacaq. Məntiqlə götürdükdə, belə çıxır ki, insanların cibinə girməklə hökumət İslam Oyunları və Formula-1 yarışlarının maliyyələşməsini həyata keçirmək istəyir.
– Sadə vətəndaşın itkiləri nədən ibarət olacaq?
Natiq Cəfərli:
– Sadə vətəndaşın itirəcəyi çox şey var. Biz hələ vətəndaşın cibinə birbaşa dəyən ziyandan danışırıq. Ancaq bir müddət sonra kiçik və orta sahibkarlar, kənd təsərrüfatında istixanalar, kafelər, restoranlar -bütün xidmət sahələrində qiymət artımı olduqda insanların cibinə daha ağır zərbə dəyəcək. Orta statistik, 4 nəfərdən ibarət ailə 1500 kib metrlik qazı ən yaxşı halda yarım ilə bitirəcək. Yarım ildən sonra 20 qəpikdən, yəni 100 faiz ödəniş etməyə məcbur olacaq. Elektrik enerjisinə gəldikdə isə indiki 250 kilovatlıq kvota 17 manat 50 qəpikdir, bu, bitəndən sonra əlavə hər kilovata görə 11 qəpik ödəniş olacaq. Yəni bu normalar çərçivəsində orta statistik ailə təsərrüfatını idarə etməyə qadir deyil.
– Amma deputat Tahir Razyev deyib ki, Tarif (qiymət) Şurasının qərarı daha böyük obyekti, villaları, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub və qərar aztəminatlılar üçün məqbuldur…
Natiq Cəfərli:
– Villalar özlərinindir də.
Şahvələd Çobanoğlu:
– Bu, növbəti təbliğat yalanıdır. 5 nəfərlik ailənin yaşadığı 3 otaqlı mənzilin qızdırılmasının tələbi var. Türkmənistanda pulsuz kvota illik 1200 kubmetr götürülürdü. Əgər hökumət kasıb əhalini düşünürsə, bəlli rəqəmi açıqlamalı və izahını verməlidir. Hökumət hər dəfə bahalaşma qərarı verəndə başqa ölkələrlə müqayisə aparır, əsas da Avropa ölkələrini götürürlər. Bir halda ki, müqayisə aydınlaşdırmağa kömək edir, o zaman gəlin baxaq, dünyada qaz istehlakı bağlı bir indikator da var-orta əməkhaqqına nə qədər qaz alına bilər? Bunu qaz istehlakçısı və istehsalçısı olan ölkələrlə müqayisə apardım, məsələn, Qazaxıstanda orta əməkhaqqı 8 min kubmetr qaz almağa imkan verir, Rusiyada 5700 kubmetr, Azərbaycanda 2440 kubmetr qaz almağa imkan verir. Halbuki, qaz istehsalçısı olmayan Belarusda orta əməkhaqqı 2880 kubmetr qaz almağa imkan verir, bu ölkə bizdən borc pul da alır. Gəlin, adlarını çəkdiyim ölkələrdə qazın qiymətinə baxaq. Qazaxıstanda qazın qiyməti 8 qəpiyə yaxındır. Rusiya 15 qəpik, Türkmənistan artıq pulsuz qaz kvotasından imtina etməyə hazırlaşır, çox güman ki, ucuz olacaq. Azərbaycan hakimiyyətinin özünü müqayisə etməyə yaraşdırmadığı Özbəkistanda 13,5 qəpik, İranda 4,5 qəpikdir, bu da son bahalaşmadan sonrakı rəqəmdir.
Natiq Cəfərli:
– Önəmli məsələ ondan ibarətdir ki, SOCAR bu yaxınlarda istehsal etdiyi qazın maya dəyərini hesabladı, təqribən 1000 kubmetr 30 manata başa gəlir. Deməli, SOCAR bahalaşmadan öncəki qiymətlə belə qazı xalqa 3 dəfədən baha satırdı. Bundan əlavə, bp-nin çıxardığı qaz da var, onlar pulsuz 2 milyard kubmetr qaz veriblər, ilin sonuna yaxın 300-400 milyon kubmetr də verəcəklər.
– Belə çıxır ki, Azərbaycan hökumətin həmin qazı vətəndaşına pulla satır, amma Gürcüstandakı erməni kilsəsinə pulsuz verir?
Natiq Cəfərli:
– Əlbəttə. Söhbət ondan gedir ki, Azərbaycanda əhali tərəfindən istehlak olunan qazın həcmi cəmi 2,8 milyard kibmetrdir. Bunun da 2,4 milyardını, yəni 90 faizinə yaxınını bp pulsuz verir. Beləliklə, SOCAR bp-dən pulsuz aldığı qazı 28 noyabrdan əvvəl 100 manata satırdı, buna da qane olmadı və qiyməti qaldırdılar.
– Bütün hallarda qiymət artımının səbəbi nədən ibarətdir?
Natiq Cəfərli:
– Məsələ SOCAR-ın çox bərbad vəziyyətdə olmasındadır. Şirkətin 8 milyard dollar xarici borcu var, Mərkəzi Banka da borcu var. Bundan əlavə, şirkətin idarəetməsi də bərbad durumdadır və ciddi korrupsiya mənbəyidir. Effektiv idarəetmə modelinə keçməkdənsə, SOCAR-ın problemlərinin bir hissəsini əhalinin çiyninə qoymaq yolunu seçirlər. Əslində dövlət fəlsəfi yanaşsa, bu sahədən çəkinməlidir, çünki dövlət iqtisdadiyyatda ən pis menecerdir. Dünyada hansı dövlət iqtsadyyatla məşğul olursa, onu bərbad günə qoyur, bizim sovet keçmişimiz bunu sübut etdi. Bir çox ölkədə tarif sistemləri var və bunu özəl şirkətlər idarə edir. Məsələn, London kimi böyük şəhərdə 12 şirkət elektrik enerjisi satır və əhali onların hansıyla müqavilə bağlayacağını özü seçir.
– O zaman ittihamları “Azərişıq”a da aid etmək olarmı?
Natiq Cəfərli:
Təbii. Çünki eyni sistemdir, eyni qaydada idarə olunur və eyni korrupsiya mənbəyidir. Azərbaycanda pozitiv praktikaya bənzər bir şey olmuşdu, “Barmek” şirkəti, bu qurumun başına hansı oyunlar açıldı, hamımız bilirik. Bundan sonra hansı investor gəlib Azərbaycana pul qoyacaq?
Şahvələd Çobanoğlu:
– Söhbət təkcə qazın və işığın, yaxud dərmanların qiymətinin qalxmasından getmir. Yürüdülən yanlış siyasət ciddi şəkildə iflasa uğrayıb. Təsəvvür edin ki, bu gün müzakirə etdiyimiz problemi 5-10 il əvvəl də eyni adamlarla müzakirə etmişik və gedişatın hara getdiyini də demişik. Təxminən eyni rəqəmlərlə, eyni yoxsulluq göstəricilərilə və arqumentlərlə deyilib. Amma o zaman bulvarı göstərib deyirdilər ki, Azərbaycanda inkişaf var, konsertlər, festivallar və s. Həmin illərdə ölkənin taleyini düşünən adamlar bunları eşidəndə ölkənin çox pis sonluğa getdiyini görürdülər. Artıq həmin böhran yetişib, məsələ heç də təkcə qazın və işığın baha olması deyil. Tutaq ki, Avropadakı kommunal qiymətlərdən ucuzdur, amma biz hansı maaşla bunları alırıq? Orta əməkhaqqı insanlara dolanmaq imkanı vermir. Faktiki olaraq, azərbaycanlılar qazın və işığın pulunu verməkdə çətinlik çəkirlər. Axı hər gün mətbuatda vətəndaşların mənzilinin qazınıın, işığının kəsilməsi haqda xəbərlər gedirdi. Nəticə budur!
– 2017-ci il büdcəsi barədə Milli Məclisdəki müzakirələri izləyirsiniz. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov gələn ilin mürəkkəb olacağını dedi, maliyyə naizri Samir Şərifov da oxşar etirafı etdi. Əvvəlllər bu ritorikada danışmırdılar. Məmurların bu cür çıxışları gələn il üçün hansı vədləri verir?
Natiq Cəfərli:
– Burda iki önəmli məsələ var: birinci, insanların zərbəni özündən kənara çəkmək cəhdidir, adını çəkdiyiniz hər iki rəsmidə bu göründü. Elman Rüstəmovun açıqlamasını normal dilə çevirsək, o deməkdir ki, günah yalnız onda deyil, ölkənin iqtisadiyyatı bərbad gündədir. İqtisadiyyat yoxdursa, Mərkəzi Bankın rəhbəri manatın məzənnəsini necə normal saxlaya bilər? 90-cı illərlə müqayisəyə cəhd etdilər. Belə getsə, bir müddət sonra 1913-cü illə müqayisəyə çalışacaqlar. Əslində, bu etiraflar cəmiyyətin bir növ hazırlanmasına xidmət edir ki, ictimaiyyət getdikcə daha pis olacağını anlasın. Bu etirafların olması normaldır. Amma problem ondan ibarətdir ki, etirafdan sonra iki addım gəlir, ya istefa verirsən, ya da proqramını açıqlayırsan. Bugünə qədər səhv etmişəm, üzr istəyirəm və bundan sonra təklif etdiyim proqramla ölkəni daha inkişaf etdirəcəm. Heç biri yoxdur, nə istefa verirlər, nə də normal islahat proqramı hazırlayırlar.
Şahvələd Çobanoğlu:
– Cəmiyyətin ciddi bir kəsimi vəziyyəti anlayırdı ki, demokratiya, azad söz, ədalətli seçkilər, müstəqil məhkəmə olmadıqca, iqtisadi inkişaf baş verməyəcək. Əksinə, zəngin neft səltənəti kimi baxdığımız ölkə səfil bir məmləkətə çevrildi. Demokratiyanın başqa gücü yoxdur, demokratiyanın gücü elə budur ki, həqiqəti bilir. Həqiqət də inkişafın başqa modelinin olmadığını deyir. Demokratiya gec-tez sübut edir ki, onun yoxluğunda bu cür böhranlar yaranır.
Natiq Cəfərli:
– Vətəndaş da anlamalıdır ki, onun səsindən asılı olan hökumət formalaşmadıqca, onun necə reaksiya doğuracağını düşünən hökumət olmayacaq. Ermənistanda qazın qiymətini endirirlər, YAP-çı deputat Aydın Mirzəzadə deyir ki, seçki olduğu üçün bunu edirlər, xal qazanmaq istəyirlər. Azərbaycanda qiyməti qaldırırlar, belə çıxır ki, nə vətəndaşın səsindən, nə də sözündən asılı deyillər.