Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Milli Şura və AXCP İlham Əliyev ailəsinin london mülkləri ilə bağlı Baş prokurora müraciət etdi

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Əliyev ailəsinə məxsus 700 milyonluq London mülkləri haqqında araşdırılma işlərinin başlanması tələbi ilə bu gün aşağıdakı müraciət AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli və mənim tərəfimdən imzalanaraq Baş Prokurorluğa göndərilib. Baş Prokurorluğun mənbəyi şübhəli olan 700 milyonluq London mülkləri ilə bağlı araşdırma aparmaq istəyi olarsa, məktuba əlavə olaraq sosial media üzərindən yayılmış bu müraciəti də əsas kimi qəbul edə bilər.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən

Müraciət

Cənab Baş prokuror!

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalist Layihəsinin (OCCRP), BBC və “The Guardian” qəzetinin bugünlərdə yayadıqları yeni – “Pandorra sənədləri” adlı araşdırmasının nəticələrinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ailəsi Britaniyada 429 milyon funt sterlinqdən (694 milyon dollar) çox dəyəri olan daşınmaz əmlak alqı-satqısında iştirak edib. Sənədlərdə göstərilir ki, prezident Əliyev və ailəsi ofşor şirkətlərdən istifadə edərək Böyük Britaniyada 17 mülk əldə edib, o, cümlədən ölkə başçısının oğlu Heydər Əliyev hələ 11 yaşı olanda Londonun zənginlər yaşayan Mayfair məhələsində dörd binaya sahiblənib. 44.7 milyon dollarlıq blok 2009-cu ildə prezidentin ailə dostuna məxsus şirkət tərəfindən alınıb və bir ay sonra Heydər Əliyevin adına keçirilib.

(https://www.occrp.org/en/the-pandora-papers/azerbaijans-ruling-aliyev-family-and-their-associates-acquired-dozens-of-prime-london-properties-worth-nearly-700-million)

Sənədlərə əsasən həmçinin Əliyev ailəsi növbədənkənar president seçkiləri keçirilmiş 2018-ci ildə həmin binaya yaxın bir yerdə 67 milyon funt sterlinq dəyərində başqa bir binanı da kral ailəsinə satıb.

Cənab Baş prokuror!

Nəzərinizə çatdırırıq ki, əvvvəllər də vaxtaşırı olaraq Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin “çirkli pulların yuyulması”, ölkədən böyük məbləğlərdə pul vəsaitlərinin ofşor firmalar vasitəsilə xarici ölkələrə çıxarılaraq mənimsənilməsi ilə bağlı həm OCCRP-nin araşdırmalarında, həm də bir çox nüfuzlu beynəlxalq nəşrlərdə məlumatlar dərc olunmuşdur. Sonuncu dəfə 2017-ci ildə Milli Şura hakimiyyətin yüksək eşolununda yer tutan vəzifəli şəxslərin beynəlxalq araşdırmaçı jurnalsitlərin konkret bank sənədləri ilə aşkarlayıb yaydığı 3 milyardlıq oğurluq faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmiş, sözügedən korrupsiya faktlarının araşdırılmasını istəmişdir. Ancaq, təəssüf ki, Baş Prokurorluq bu vaxtadək nəinki həmin və digər oxşar müraciətlərin hər hansı birinə qanunvericiliyin tələb etdiyi tərzdə reaksiya verib, araşdırmalara başlamış, hətta əksinə ümumiyyətlə bizim bu müraciətlərimizə cavab belə verməmişdir.

İndi təqdim etdiyimiz faktlar da çox ciddi araşdırmaların aparılmasını tələb edir. Həmin faktlar Azərbaycan dövlətini ölkənin daxilində və xaricində təmsil edən bir şəxsdən – prezident və onun ailəsindən getdiyindən, o cümlədən milyonlarla məbləğə alqı-satqı edilən daşınmaz əmlakların qanuni yolla əldə edilmiş vəsait hesabına alınması kifayət qədər şübhə doğurduğundan, eləcə də prezindent və ailə üzvlərinin mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə hər hansı bir məlumat təqdim etmədiyi şəraitdə sözügedən faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmalı, tam, hərtərəfli və obyektiv istintaq aparılaraq, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının müvafiq daxili qanunvericiliyi də məhz bunu tələb edir.

Azərbaycan Resıpublikası Cinayət –Prosessual Məcəlləsinin 206-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları cinayət işi başlamaq üçün əsaslardan biridir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, perzident Əliyev və ailəsinin “Pandorra sənədləri”ndə iddia edilən korrupsiya əməllərinin araşdırılması üzrə istintaq aidyyəti prokurorluğa aiddir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən prokurorluq öz fəaliyyətini qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma və ən nəhayət, siyasi bitərflik prinsipləri üzərində qurur. Sözügedən qanunun 17-ci maddəsində deyilir ki, prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respubnlikası Qanununun 11-1.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. Azərbaycan Respublikası Cinayət –Prosessula Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq istintaq orqanının vəzifələri sırasına aiddir. Bütün bunları nəzərə alaraq Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası sizə müraciə edərək:

BBC və Beynəlxalq araşdırmaçı jurnalistlər tərəfindən aşkar edilmiş faktlarla bağlı Baş Prokurorluğun cinayət işi başlamasını;

Prezident və ailə üzvlərinin Londondakı mülklərinin hansı vəsait hesabına əldə olunmasının müəyyən edilməsini və təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilərərk, cəzalandırılmasını;

Araşdırmanın gedişi və nəticələri barədə Azərbaycan xalqının ətraflı məlumatlandırılmasını tələb edir.

Demokratik Qüvvələrin Milli Şurasının sədri: Cəmil Həsənli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri: Əli Kərimli

Tarix: 18 oktyabr 2021-ci il.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir