Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Mustafa Cəmilov: İrandan soruşacağıq; Siz necə müsəlmansız?

Krım tatarlarının lideri Mustafa Cəmilov (Krımoğlu) müsəlman ölkələrinin Krım Tatar Milli Məmustafaclisinin fəaliyyətini dayandıran Rusiyaya təpki göstərmədiklərini bildirib.
Qeyd edək ki, Rusiyanın Krımdakı prokuroru Natalya Poklonskayanın müraciəti əsasında məhkəmə aprelin 13-də Krım Tatar Milli Məclisinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Qərarı tənqid edən Mustafa Cəmilov “Əlcəzirə” Telekanalına müsahibəsində bildirib ki, 2014-cü ilin martından sonra Krım Tatar Milli Məclisinin fəaliyyəti praktiki olaraq dayanmışdı: “Məhkəmənin qərarı heç nəyi dəyişmədi. Məclisin üç üzvü bir yerə toplaşdıqda polis hərəkətə keçir. Krım işğal olunan gündən orada yaşayan tatarlara təzyiqlər artıb. Mənim və məclisin sədri Çubarovun Krıma girişi qadağan olunub. Biz məhkəmənin qərarından yuxarı instansiyaya şikayət etməyəcəyik. Çünki bunun mənası yoxdur. Rusiyada qanunlar işləmir. BMT, Avropa Birliyi, ATƏT Rusiyanı tənqid etdi. Moskvada daha utanacaq üz qalmayıb. İstanbuldakı Zirvə toplantısında Krım tatarlarının müdafiəsi məsələsi qaldırıldı. Amma Misir və İranın müdaxilələrindən sonra bizimlə bağlı önəmli kəlmələr çıxarıldı. Çox maraqlıdır, Krım tatarlarına təzyiqlər edilir, bütün dünya səsini çıxarır, İslam ölkələri isə susur”.

 

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısına dəvət olunan Krımoğlu qeyd edib ki, tatarların problemlərinin müzakirəsinin gündəlikdən çıxarılması üçün Rusiya Misir və İrana təzyiqlər göstərib: “Özüm-özümə sual edirəm. Belə bir vəziyyətdə qardaş adlandırdığımız ölkələr bizə dəstək vermirlərsə, bunun harası qardaşlıq oldu? Biz İrana səfər edəcəyik və onlara “Siz necə müsəlmansız” deyə soruşacağıq. Misirin Kiyevdəki səfirilə də görüşəcəyik”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir