Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Cəmiyyətdəki əxlaqi tənəzzülün mövcud idarəetmə sistemi ilə əlaqəsi var”

Mehriban Vəzir: “Problemin həlli üçün hökumət də, cəmiyyət də ciddi səy göstərməlidir”

69157

Ombudsman Elmira Süleymanova Milli Məclisin son toplantısında  “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə çıxışı zamanı ictimai rəydə geniş müzakirəyə səbəb olacaq fikirlər səsləndirib. Ölkədə əxlaqsızlıq yuvalarının sayının sürətlə artmasına diqqət çəkən E.Süleymanova, məlum problemin ciddi təəssüf doğurduğunu bildirib: “Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir. Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur”.

Maraqlıdır, Azərbaycanda əxlaqi-mənəvi aşınmanın miqyası doğrudanmı bunca böyükdür? Əxlaqsızlığın bunca artmasının Azərbaycandakı mövcud siyasi idarəetmə sistemi ilə hansısa formada əlaqəsi varmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış yazıçı-publisist Mehriban Vəzir E.Süleymanovanın məlum açıqlamasının təsadüf olmadığını, ombudsmanın əlində yetərincə fakt olmayacağı təqdirdə bu cür fikirlər səsləndirməyəcəyini vurğuladı:

“Elmira xanım böyük bir qurumun rəhbəridir. Əgər o, belə bir fikir bildirirsə, deməli onun əlində kifayət qədər əsas var ki, bu cür söz deyir. Əgər o, “əxlaqsızlıq yuvaları baş alıb gedir…” deyirsə, deməli bunun məsuliyyətini anlayaraq belə bir fikir səsləndirir. Çünki bu söz, sadə, sıradan bir söz deyil. Belə bir fikri ictimaiyyiləşdirmək böyül cavabdehlik tələb edir. Lakin hesab edirəm ki, Elmira xanım bu vəziyyətlə, onun monitorinqi ilə bağlı ilk növbədə hökumətə müraciət etməlidir. Hökumət bununla bağlı tədbir görməlidir. Bundan sonra bu məsələ ictimaiyyiləşməlidir. Yəni hökumətin tədbirləri ilə bir yerdə ictimai müzakirəyə çıxarılmalıdır. Bunsuz cəmiyyətə birdən-birə bu cür müraciət də müəyyən komplekslər yarada bilər. Hökumətlə birlikdə müəyyən tədbirlər fonunda isə bu cür açıqlamalar verilə bilər. Göstərilə bilər ki, cəmiyyətdə belə bir problem var idi və bu tədbirlər əsasında həmin problemin bəlli bir ölçüdə həllinə nail olundu”.

Əxlaqi tənəzzülün mövcud siyasi idarəetmə mexanizmi ilə mümkün əlaqəsinə gəlincə, M.Vəzir bu əlaqənin mövcudluğunun danılmaz olduğunu qeyd etdi:Mövcud vəziyyətin hazırkı siyasi idarəetmə sistemi ilə birmənalı şəkildə əlaqəsi var. Mən əxalqsızlığa sadəcə qadın problemi kimi baxmıram. Oğurluq, yalançılıq, yaltaqlıq  və s. kimi meyillər də bu kateqoriyaya aiddir. Cəmiyyət mövcud olandan bu problemlər olub. Lakin yaxşı idarəetmə olanda bu problemin faizi azalır. Idarəetmə pisləşəndə, sərtləşəndə isə bu problemlərin faizi artır. Elmira xanımın fikirlərindən isə məlum olur ki, hazırda Azərbaycanda bu problemin göstəricisi kifayət qədər qorxuncdur. Bunun işsizliklə, ölkədəki devalvasiya ilə, mənəvi-əxlaqi böhranla, yalan və riyakarlıqla ciddi əlaqəsi var. Bunun siyasi idarəetmə ilə əlaqəsi mövcuddur. Görün vəziyyət hansı həddə çatıb ki, artıq dövlət adamları özü bu problemi dilə gətirir”.

M.Vəzir hesab edir ki, mövzud problemin həlli istiqamətində həm hökumət, həm də cəmiyyət ciddi şəkildə düşünməli, vətəndaş cəmiyyətləri problemin həlli istiqamətində xüsusi aktivlik sərgiləməlidir: “Elmira xanımın açıqlaması bir SOS-dur. Cəmiyyət bu haqda ciddi şəkildə düşünməlidir. Xüsusilə də vətəndaş cəmiyyətləri bununla bağlı tədbirlər keçirməli, fəaliyyət prqoramı hazırlayıb hökumətə təqdim etməlidir. Hökumət vətəndaşlardan təşəbbüs gözləməli, insanları bu cür təşəbbüslərə həvəsləndirməlidir. Hökumət səviyyəsində ciddi proqramlar həyata keçirilməlidir. Mən ciddi tədbirlər, ciddi proqramlar deyəndə polsii gücləndirməyi nəzərdə tutmuram. İnsanlara iş yeri açmaq lazımdır. Qadınlara iş yeri açmaq, onların məğulluq problemini həll etmək lazımdır. Qadınlara elə bir iş yeri açmaq lazımdır ki, onlar orada sərf etdikləri əməyin müqabilində aldıqları əmək haqqı ilə normal yaşamlarını təmin edə bilsin, övladını dolandıra bilsin. Yəni aldığı maaşla ləyaqətli şəkildə yaşaya bilsin. Qab yuyub bunun müqabilində cəmi 200 manat maaş alaraq bu maaşı hara necə sərf edəcəyi, hara necə çatdıraca haqqında düşünməsin.

Bu baxımdan mən Elmira xanımın məlum açıqlamasını düşündürü və acınacaqlı bir bəyanat hesab edirəm. Hesab edirəm ki, bunu həm hökumət, həm də vətəndaş cəmiyyətləri ciddi şəkildə müzakirə etməlidir”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir