Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

4 günlük müharibədən, kimlər daha çox faydalandı?

 

Artıq müharibənin qaynar fazasının yekunlaşdığına şahid oluruq. Azərbaycan tarixi torpaqlarını, işğal edilmiş ərazisini düşməndən geri qaytara bilərdi. Ama… bilmədi demirəm. Hər dəfə “lazımı” gözləyən siyasi rəhbərlik bu dəfə deyəsən “lazım”ı yaxşı qarşılamadığı üçün, o da küsüb getdi. İnsaf naminə deməliyik ki, kasıblıqla böyüyən vətən övladları şəhid olsalar da, bəzi strateji əraziləri geri ala bildik. Bir neçə gün də “lazımı” saxlaya bilsəydik, işğal altında inildəyən ərazilərimizin bir qədərini də düşmən tapdağından azad edə bilərdik.13454033_1053322398066549_1252030738_n

Bir neçə günlük müharibədə məni ən çox bir məsələ təsirləndirdi. Ordumuz yağı düşməni torpaqlarımızdan qovan kimi insanlar doğmalarının məzarlarına üz tutdular. O an düşündüm ki, ot basmış, baş daşları həsrətdən çat-çat olmuş məzarlar, viran qalmış yuvalarında cövlan edən ruhlar qədər heç nə və heç kəs sevinə bilməz.

Təqribən 4 günlük müharibədə kim qazandı, kimlər daha çox faydalandı? – bax bu düşüncə fikrimi qarışdırır.

Əvvəlcə etiraf edim ki, hansı tərəfin nə qədər itki verdiyini nəzərə almasaq belə, işğal olunmuş torpaqlarımızın bir qarışını belə geri qaytara bildiksə, deməli qazanan Azərbaycan dövlətidir. Qazanan bizik, üçrəngli bayrağa sayqı göstərən, bu bayrağın ucalmasını istəyən hər kəsdir. Mövcud vəziyyəti və siyasi şəraiti nəzərə alsaq daha çox qazanan tərəf üzə çıxır. Bu da Azərbaycanın mövcud hakimiyyətidir. Ötən il fevralın 21-dən başlayan proses, dekabrın 21-də təkrarlanmaqla Azərbaucanın siyasi hakimiyyətini çıxılmaz vəziyyətə salmışdı. Hakimiyyət yarıtmaz siyasəti nəticəsində ölkəni məhv edərək, müstəqilliyini sual altına salmışdı. Vəziyyət iqtisadi böhran səviyyəsindən çıxıb, siyasi böhran müstəvisində inkişaf edirdi. Hətta ikihakimiyyət elementləri sezilirdi. İşsizlik və bank kreditləri əhalinin yaşayış səviyyəsini minimuma endirmişdi. Müharibənin qəfil başlaması hakimiyyətə sanki can verdi. Xalqla arasında yaranmış təhlükəli uçurum dolduruldu. Bu arada Azərbaycan xalqının necə də böyük xalq olduğu bir daha təsdiqləndi. Heç bir çətinliyə baxmadan, bütün problemləri kənara qoyub, Vətənin müdafiəsi və işğal edilmiş torpaqların geri alınması üçün birləşə biləcəyini göstərdi. Hamılıqla yumruğu bir yerə vura bilən xalq olduğunu cəsarətlə nümayiş etdirdi.

Amma və lakin hakimiyyət hesab etməməlidir ki, onun dövründə bir neçə kənd və strateji ərazi işğaldan azad edilibsə, bu vaxta qədər yürütdüyü siyasətin nəticəsidir və yaxud ölkəni bataqlığa salmasında haqlıdır. Düşünürəm ki, bir neçə günlük müharibə ölkədə yaranmış böhranlı vəziyyəti haqlı olaraq arxa plana keçirdib. Yəni müvəqqəti keyləşdirib…Sonda Allahdan şəhidlərimizə rəhmət, xalqımıza səbir və dözüm, dövlətimizə isə möhkəmlik diləyirəm

“Demokratiq İnteqrasiya Assosiyası“-nın həmtəsisçisi Azər Qasımov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir