2014-ci ilin sonlarından dünyada başlayan iqtisadi böhran, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması, ölkənin valyuta ehtiyatlarının sürətli əriməsi və bütün bunların nəticəsində manatın 2 dəfə dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına çox ciddi zərbə vurubdur. Nəzər alsaq ki, son bir neçə ildir qeyri-neft sektorunun inkişafı istiqamətində heç bir ciddi tədbir görülməmiş, bu gündə idxaldan asılı olan ölkə iqtisadiyyatı üçün ciddi islahatların aparılması qaçınılmazdır.
Statistika komitəsinin açıqladığı hesabata diqqət yetirsək 2016-cı ilin I rübündə ölkədə ÜDM-nin həcmi 12588,7 milyon manat təşkil etmişdir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% az ümumi daxili məhsul istehsal edilmişdir. Qeyri-neft sektorunda ÜDM-d azalma 5,7% müşahidə olunmuşdur. Statistika komitəsinin hesabatına diqqət yetirsək azalmaya əsas səbəb tikinti və nəqliyyat sektorunda məhsul və xidmətlərin ötən dövrlə müqayisədə azalmasıdır. Ümumiyyətlə emal sənayesində artım müşahidə olunsa da, bir çox sahələrdə xüsusilə qida məhsullarının istehsalı və digər sahələrdə azalma olmuşdur.
2016-cı ilin I rübündə Azərbaycanın xarici ticarət balansında kəsir qeydə alınmışdır. Belə ki, cari ilin ilk 3 ayında ixrac əməliyyatları kəskin azalmış, idxal isə artmışdır. Hesabat dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3, 606 milyard manat, bu 2015-ci ilin analoji dövrü ilə müqayisədə 38% azdır. 2016-cı ilin I rübündə idxalın həcmi 1,825 milyard dollar olmaqla 25%, ixrac isə 1,78 milyard dollar olmaqla 47,4% azalma baş vermişdir.
İqtisadiyyatda müşahidə olunan mənfi tendesiyalara əsas səbəb 2015-ci ildə manatın 2 dəfə dəyərdən düşməsi, bank sektorunun iflic vəziyyətinə düşməsi, problemli kreditlərin xüsusilə biznes təyinatlı kreditlər üzrə yüksək faiz və devalvasiya nəticəsində real biznesdə bir çox şirkətin iflası ilə nəticələnmişdir. Tənəzzülü şərtləndirən digər amillərdən biri emal sənayesinə qoyulan investisiyaların azalmasıdır. İqtisadi artıma mənfi təsir edən digər amil ölkədə pul kütləsinin kəskin azalmasıdır. Bu gün real biznes sektorunda hələdə davam edən inhisarçılıq ölkənin iqtisadi inkişafa öz mənfi təsirini göstərməklə yanaşı, real biznesin gələcək inkişafını sual altına qoyur.
Zamiq Şükürov
iqtisadçı ekspert