“Sergey Markov Kremlə yaxın siyasi ekspertlərdəndir. Amma son illər daha obyektiv mövqe ortaya qoyur. Onun dedikləri doğrudur. 5 rayon dərhal boşaldılmalıdır. Sergey Markov hətta konkret tarix də deyir ki, ilin sonunadək bu rayonlar Azərbaycana qaytarılacaq. Kaş ki, onun dedikləri düz çıxaydı. Kaş ki, Rusiya da ilkin şərt olmadan bu rayonların boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq etsin”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, S.Markov Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini söyləyib: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistanın işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir. Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanın aradan qaldırması olur”.
S.Markov konkret vaxt da açıqlayıb, bu ilin sonuna kimi işğal altındakı 5 rayonun Azərbaycana qaytarılacağını vurğulayıb: “Dağlıq Qarabağın özü və ora azərbaycanlı əhalinin heç bir qarşıdurma olmadan qaytarılması ilə bağlı danışıqlar isə sonra başlayacaq. Bu proses uzun müddət çəkəcək. Qeyd etdiyim kimi, bu ilin axırına qədər 5 rayon tamamilə Azərbaycana qaytarılacaq və azərbaycanlı ailələr öz evlərinə qayıdacaq. Qalan 2 rayon və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq”.
E.Şahinoğlu rusiyalı həmkarının fikirlərini şərh edərkən daha sonra deyib: “Yəqin, Rusiyada da ağllı, məntiqli adamlar anlayırlar ki, bu baş verməsə, bölgədə yeni müharibə başlayacaq. Amma istənilən halda nəzərə almaq lazımdır ki, Markov özünün şəxsi fikirlərini deyib. Bu o demək deyil ki, Sergey Aleksandroviç Moskvanın planını ortaya qoyub. Ola bilsin ki, onun Kremldə hansısa rəsmilərlə yaxınlığı var və Azərbaycanın obyektiv mövqeyini dəstəkləyir. Amma mən deyə bilmərəm ki, Markovun mövqeyi Rusiya hakimiyyətinin mövqeyidir”.