AXCP Sumqayıt şöbəsinin üzvü Xətai Nəbiyevə vəkili ilə görüşməyə imkan verilmir.
Gənc fəalın yaxınları onun hüquqlarını müdafiə etmək üçün vəkil Əsabəli Mustafayevlə müqavilə bağlayıb. Vəkil onunla görüşmək üçün bu gün səhər Sumqayıt Şəhər Polis İdarəsinə getsə də, onun Xətai Nəbiyevlə görüşünə imkan verilmir. Əsabəli Mustafayev “Azadlıq”a bildirib ki, müvəkkili ilə görüşünə süni əngəl yaratmaq üçün idarənin rəisinin işdə olmadığını bəhanə gətirirlər: “İndi biz hardan bilək ki, rəis nə vaxt gələcək? Əlbəttə ki, bəhanədi və məqsəd də süni əngəllərlə görüşün qarşısını almaqdır”. Maraqlıdır ki, Əsabəli Mustafayevə imakn verilmədiyi halda, qətl və başqa cinayətlərdə ittiham olunaraq, idarənin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslərin vəkillərilə görüşünə problem yaradılmayıb. Yəni “rəis yoxdu” bəhanəsi onlara aid edilmir. Əsabəli Mustafayev onu da əlavə edib ki, müdafiə hüququnun pozuntusu ilə əlaqədar Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə şikayət edəcək. “Ən azı, yarım saatdır ki, fasiləsiz olaraq, “102” xidməti ilə saxlamağa çalışıram, telefonlar məşğuldu. Başa düşmürəm, ölkənin kriminogen durumunda nə baş verir?”, – Əsabəli Mustafayev qeyd edib. Xatırladaq ki, Xətai Nəbiyev oktyabrın 11-də səhər saatlarında həbs olunaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Bir müddət sonra gənc fəal Sumqayıt Şəhər Məhkəməsinə gətirilərək, ona polisə müqavimət ittihamı ilə inzibati qaydada 30 sutka həbs cəzası verilib.