“Qanunlar cəmiyyətin inkişafına uygunlaşdırılmalı olduğu halda, prezidentin “gücləndirilməsinə” xidmət edir”…
Aqil Rəsulov: “ Yəqin ki, bir müddət də insanlar “evində ac qalmaq həbs olunmaqdan yaxşıdır” prinsipi ilə idarə olunacaqlar.”
Bir müddət əvvəl ölkənin ikinci şəxsi Milli məclisin sədri idi. Sonra bu səlahiyyət baş nazirə ötürüldü. İndi isə vitse-prezidentə təhvil verilmək üzrədir. Deməli, biz tədricən seçkili orqanların səlahiyyətlərini azaldaraq prezidentin təyinatına şərait yaradırıq.
“Media-fakt.info”nin mövzu ilə bağlı suallarını ictimai-siyasi fəal və iqtisatçı Aqil Rəsulov cavablandırıb.
– Aqil bəy, Azərbaycandakı siyasi mühit necə görünür?
– Əslində Azərbaycanda siyasi mühit yoxdur. Çünki, siyasi mühit deyiriksə burada qarşılıqlı tərəflər, açıq tənqidlər, plüralizm, siyasi mübarizə və sair olmalıdır. Bunların heç biri olmayan təqdirdə ölkədə siyasi mühitdən danışmaq düzgün olmazdı. Azərbaycanda demokratik prinsipləri məhv etmiş, azad mətbuatı və müxalifətdə olan siyasi qüvvələri sıradan çıxarmış, süni şəkildə “müxalifət” yaratmış bir siyasi rejim var. Siyasi rejimin isə 3 adı var: Demokratik, avtoritar və totalitar. Rejimin demokratik olmamasını hamımız anlayırıq, digərlərinin elə bir fərqi yoxdur. Bu gün Azərbaycanda demokratiyanın adından yararlanmaq istəyən 5-6 nəfər jurnalist və ya Qeyri-Hökumət Təşkilatı var ki, hakimiyyət onları ya həbsxanaya atmaqdadır, ya da onlar da digərləri kimi ölkəni tərk edəcəklər. Mövcud rejim hakimiyyətini möhkəmləndirmək üçün növbəti addım olaraq Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirir. Bu isə artıq seçki texnologiyasının sıradan çıxarılmasına hesablanmış bir addımdır.
– Hakimiyyət Konstitusiya dəyişikliyinin hüquq və azadlıqların qorunması fonunda baş tutduğunu iddia edir. Sizcə məlum dəyişikləri və əlavələri hansı səbəblər zəruri elədi?
– Bu Azərbaycan hakimiyyətinin illərlə bizə tətbiq etdiyi metoddur. Əgər prezident seçimi 5 ildən 7 ilə keçirilirsə, burada hansı demokratiyadan və siyasi opponentlikdən söhbət gedə bilər? ABŞ liberal dəyərlərə söykənən ölkədir və orada prezident 4 ildən bir seçilir və iki dəfədən artıq seçilə bilməz. Bizdə isə həmişə seçilə bilər. Digər tərəfdən vitse-prezidentlik institutu yaradılır və xüsusi səlahiyyətlər verilir. Bu səlahiyyətlərdən biri də prezidenti ehtiyac yarandıqda əvəz etməkdir. Əgər yadınızdadırsa vaxtilə prezidenti əvəzetmə funksiyası Milli Məclisin spikerinə məxsus idi. Sonra bu funksiya parlament və prezidentin razılaşdırılmasıyla Baş Nazirə ötürüldü, indi də vitse-prezidentə. Həm də bu təyinat ancaq prezidentə məxsus olacaq. Hətta pezident parlamenti buraxa bilər. Deməli, biz tədricən seçkili orqanların səlahiyyətlərini azaldaraq prezidentin təyinatını artırırıq. Bu isə demokratiyanın təməl prinsipi olan seçkinin idarəetmədə təsirinin azalmasını şərtləndirir.
– Bu amillərə əsaslansaq Azərbaycanı yaxın perspektivdə nə gözləyir?
– Bilirsiniz, ölkədə iqtisadi durum da pisləşir. Əvvəlki dövrlərdə iqtisadi durum sabit olduğundan siyasi hakimiyyət bütün həmlələrinə don geyindirməyi bacarırdı. İndiki durum davam edəcəksə (bu vəziyyətin bir müddət davam etməsi qaçılmazdır-M.B) hakimiyyət gələcəkdə xalqa yoxsulluqla bağlı deməyə söz tapmayacaq. Yəqin ki, bir müddət də insanlar “evində ac qalmaq həbs olunmaqdan yaxşıdır” prinsipi ilə idarə olunacaqlar. Amma sonra artıq “dözümsüzlük” başlayacaq və bu “dözümsüzlük” milli, irqi, dini, siyasi, iqtisadi səviyyələrdə özünü göstərəcəkdir.Bu isə, yaxşı heç nə vəd eləmir.
– Vəziyyətdən çıxış yolu üçün hansı addımlar atılmalıdır?
– Vəziyyətdən çıxış yolu üçün həm iqtisadi, həm də siyasi sahədə addımlar atılmalıdır. Belə ki, ölkədə biznes mühiti yaradılmalıdır, gömrük və vergidə olan neqativ hallar aradan qalxmalıdır. Siyasi opponentlik və plüralizmə meydan verilməlidir. İtisadi islahatlar həyata keçirilməlidir, xüsusilə azad iqtisadi fəaliyyət təmin edilməlidir. Əsas odur ki, mövcud rejimin bu addımı atması inandırıcı deyil.
Media-fakt.info
Ə.Əliyev