Venesiya Komissiyasının referenduma müsbət rəy verməməsi nəticələri şübhə altına alacaq
Azərbaycan hakimiyyətinin başlatdığı son repressiya dalğasına beynəlxalq etirazlar artmaqda yanaşı, bu reaksiyaların fonunda referenduma da münasibət bildirilir. Artıq Avropa Birliyi də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib: “Ölkədə siyasi idarəçilik sahəsində ciddi dəyişikliklər nəzərdə tutan referendum ərəfəsində hökumət real demokratik müzakirələr təşkil etməyə borcludur. Bununla yanaşı, hesab edirik ki, Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir”.
Eyni zamanda Böyük Britaniyanın Avropa və Amerika Işləri üzrə naziri, ABŞ-ın Dövlət Departamenti də referendumla bağlı insan haqlarının pozuntusuna yol verilməməsinə çağırıb.
Baş verən hadisələrdə maraq doğuran məqam ondan ibarətdir ki, beyənəlxalq təşkilatlar Azərbaycan hökumətini Venesiya Komissiyasının rəyini almağa çağırır. Bu rəy alınmadan isə keçiriləcək referendumun legitimliyi ciddi şübhə doğuracaq.
Siyasi ekspertlərin sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvü kimi qanunvericilik sahəsində aparılan mühüm dəyişikliklərlə bağlı Venesiya Komissiyasına ekspertiza üçün müraciət etməlidir. Venesiya Komissiyası milli qanunvericiliyə edilən dəyişikliklərin şura üzvü olan ölkələrin təşkilat qarşısında götürdüyü öhdəliklərə nə dərəcədə uyğun gəlməsiylə bağlı rəy verir. Avropa Şurasının üzvü olan Azərbaycan refrendumun keçirilməsi ilə bağlı komissiyaya müraciət etməli idi. Hakimiyyətin bu addımı atmaması referendumun nəticələrinin beynəlxalq aləmdə legitimlik qazanması ehtimalını xeyli azaldır. Bunu nəzərə alaraq ABŞ və Avropa Birliyi referendumla bağlı Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə əməkdaşlığa çağırıb. Beləliklə referendum yolu ilə Konstitusiyada nəzərdə tutulan dəyişikliklərə komissiyanın müsbət rəyinin alınmaması referendumun nəticələrinin beynəlxalq aləmdə qəbul edilməməsi ehtimalını artırır.