Sovet İttifaqı bir çox xalqların rəhbərliyinə özünün elə əlaltısını gətirib ki, həmin rəhbərlər sonradan öz xalqlarının qəddar diktatorlarına çevriliblər. Moskvanın bu “təcrübə”lərindən ən dəhşətlisi Şimali Koreyada tətbiq olunub. Ümumiyyətlə, Moskvanın Şimali Koreyada qurduğu rejim və bu rejimin başına Kim ailəsinin gətirilməsi son yüz ilin ən qəddar “sosial təcrübəsi” hesab olunur.
Yaponiyanın təslim olmasından dərhal sonra Sovet İttifaqı və ABŞ Koreyanı bölmək qərarına gəldilər. Moskva özünün təsir dairəsinə düşən Şimali Koreyanın idarə olunmasını general-polkovnik Terenti Fomiç Ştıkova həvalə etdi. Müasir tarixçilər qəddar və əzazilliyi ilə ikinci dünya müharibəsində ad çıxarmış generallardan biri olan Ştıkovu 1945-1950-ci illərdə Şimali Koreyanın faktiki rəhbəri hesab edirlər. Koreya Əmək Partiyasının yaradılması, bu partiyanın və Şimali Koreyanın rəhbərliyinə Kim İr Senin gətirilməsi məhz Ştıkovun əməlləridir. Tarixi sənədlərə görə Şimali Koreyaya kimin rəhbər olması ilə bağlı Stalin məhz Ştıkovun təqdimatından sonra Kim İr Senin namizədliyinin üzərində dayanıb.
Terenti Ştıkov 1964-cü ildə ölsə də, onun Şimali Koreyanın rəhbərliyinə gətirdiyi Kim İr Sen 1994-cü ilə kimi yaşadı və ölkəsində bəşər tarixinin ən qəddar rejimlərindən birinin başında durdu. 1994-cü ildə öldükdə isə bu rejimi böyük oğlu Kim Çen İrə buraxdı.
“Millətin günəşi” ünvanı verilən Kim İr Senin anadan olduğu gün isə “Günəş günü” adı ilə ən böyük bayram kimi qeyd olunur.
Kim Çen İr də öz növbəsində atasından aldığı diktatorluğu 2011-ci ilə kimi davam etdirdi və öldüükdə hakimiyyəti oğlu Kim Çen Ina buraxdı.
Bu zaman Kim Çen Inın 27 yaşı olmasına baxmayaraq kimsə onun əleyhinə çıxmağa cürət etmədi. Çünki, Terenti Ştıkovın Şimali Koreyanın başıan gətirdiyi Kim sülaləsinin əleyhinə çıxmaq ən böyük cinayət heab olunur.
Ata və babası kimi ürək-damar xəstəliklərindən əziyyət çəkir. Hətta bir neçə ay öncə Kim Çen Inın komaya düşməsi və hətta ölməsi haqqında xəbərlər yayıldı. Bir neçə həftə ictimiyyət qarşısına çıxmaması bu xəbərlərin həqiqət olduğu qənaətini yaratmışdı. Həftələr sonrası Kim Çen Inın ölmədiyi məlum olsa da, diktatorun xəstə olması hər kəsə məlumdur.
Ancaq hətta Kim Çen Inın ölməsi də Şimali Koreyada diktatorluğun sonu demək olmayacaq. Belə ki, bu halda hakimiyyət onun kiçik bacısı Kim Yo Çjona keçəcək. Qardaşı ilə tez-tez dövlət tədbirlərdə iştirak edən Kim Yo Çjon rejimin əsas söz sahiblərindən biridir.
Bu gün Şimali Koreya adam başına düşən milli gəlir Cənubi Koreyadan 20 dəfə aşağıdır. Cənubi Koreyada hazırlanmış plana görə iki Koreyanın birləşəcəyi halda Şimalın həyat səviyyəsin Cənubun həyat səviyyəsinə qaldırmaq üçün 1 trilyon dollar lazım olacaq. Ona görə də Cənubi Koreyada bir çox siyasətçilər iki Koreya dövlətinin mövcudluğunu daha doğru yol hesab edirlər.
Şimali Koreyada diktatorluğun çökməsi isə Rusiyadakı avtoritar, Çindəki totalitar rejim zəiflədikdən və ya tam dəyişikliyindən sonra mümkün olacaq.
Şimali Koreyanın əhalisinə gəlincə, bu yazıya əlavə etdiyim şəkil bu ölkədə həyatın nədən ibarət olması haqqında aydın təsəvvürlər yaradır.
Xaqani Cəfərli, politoloq
Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb