Dünya Bankı Ukrayna hökumətinin xahişini qəbul edərək ölkənin iqtisadi bərpası üçün 350 milyon dollar ayırıb.
Bankın Ukraynadakı nümayəndəliyinin yaydığı açıqlamaya görə, qurumun Direktorlar Şurası qeyd olunan vəsaitin iqtisadiyyatın bərpası üçün islahatların dəstəklənməsi məqsədilə ayrılmasına dair qərar qəbul edib: “Bu islahatlar iqtisadiyyatın bərpası üçün son dərəcə vacibdir. Verilən borc həmçinin koronavirus pandemiyasının nəticələrinin yumşaldılmasına kömək edəcək”.
Vəsait dövlət banklarında problemli kredit məsələsinin həlli, kənd təsərrüfatı təyinatlı torpaqların effektiv bazarının formalaşdırılması yolu ilə kredit və torpaq bazarının inkişaf etdirilməsinə; inhisarlara qarşı mübarivə və antikorrupsiya institutlarının dəstəklənməsi, qaz sektorunun restrukturizasiyası, koronavirusa qarşı ən həssas təbəqə olan yaşlıların dəstəklənməsi üçün sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərinə sərf olunacaq.
Dünya Bankı bəyan edib ki, kreditin ayrılmasına dair qərar Ukraynada kənd təsərrüfatı torpaqlarının satışına dair qanun qəbul edildikdən sonra verilib.Qeyd edək ki, 1992-ci ildən bəri Dünya Bankı Ukraynaya 80-dən çox layihə əsasında 14 milyard dollara qədər vəsait ayırıb.
Xatırladaq ki, bir neçə gün öncə Beynəlxalq Valyuta Fondu Ukraynaya 5,2 milard dollar kredit ayırmaq barədə qərar qəbul edib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı