Turan İnformasiya Agentliyinin rəhbərinin həbsi ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatı:
Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökümətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.
Biz Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq.