İqtisadçı hesab edir ki, ötən il əhalinin ümumi siyahıya alınması prosesi doğru aparılmayıb
“COVİD-19 virusu Azərbaycanda bir sıra problemlərin olduğunu üzə çıxardı. Hansı ki, mövcud idarəçilikdə bu problemin olduğunu deyirdik, ancaq pandemiya dövrü belə problemlərin olmasını təsdiqlədi”.
İqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, həmin problemlərdən ən birincisi ölkənin rəsmi statistikasının, məlumat bazasının reallıqla uzlaşmamasıdır.
İqtisadçının fikrincə, məsələn, ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib:
“Ölkədə rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə çoxdur. Əhalinin sayına gəlincə, bunu dəqiq bilən yoxdur”.
Qubad İbadoğlu deyir ki, ikinci
böyük problem iş yerləri ilə bağlıdır. Azərbaycanda yeni açılmış iş
yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına
kifayət qədər şişirdilib:
“Bundan əlavə, kölgə iqtisadiyyatının
miyqasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur.
Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat
sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin
bəzilərinin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial
müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib”.
İqtisadçı deyir
ki, daha böyük bir problem isə internet xidməti ilə bağlıdır. Bu ərəfədə
ölkədə internetin sürətinin çox aşağı olduğu məlum olub:
“İnternet xidmətinin sürəti az, keyfiyyəti aşağıdır. Bu ərəfədə tez-tez kəsintilər olur”.
İqtisadçıya
görə, daha böyük bir problem isə bəzi dövlət orqanlarının Çağrı
Mərkəzləri ilə bağlıdır. Belə ki, həmin mərkəzlər insanların
müraciətlərini cavablandırmaq gücündə deyil:
“Ən
çox şikayət 142 saylı telefon xidmətindən oldu. Eyni zamanda, bəzi
dövlət orqanlarının onlayn xidmətləri müraciətlərə adekvat
qurulmadığından tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət
e-sosial.az saytından gəldi”.
Qubad İbadoğlu əlavə edir ki,
aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı
ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqlar,
sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir. Başqalarının
adına yazılaraq mənimsənilir:
“Regional məşğulluq idarələri, sosial
müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə bu məqsədlə
birlikdə fəaliyyət göstərir. Dövlət idarəçiliyində öhdəlik çox,
məsuliyyət azdır. Sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir.
Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti
adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə
Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə
ehtiyac var”.
Sonda iqtisadçı deyir ki, əhalinin hakimiyyətdən,
hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində
qurulmayıb. Onun fikrincə, bu, ən böyük problemdir:
“Hakimiyyət
çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait
xərcləsin. Əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək
qazansın”.
Meydan TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən iqtisadçının dediklərinə münasibət öyrənə bilməyib.