Rebeka Vinsent: ” Avropa İttifaqı Azərbaycan hökumətini öhdəliklərə riayət etməyə çağırmalıdır”
Avqustun 31-də Brusseldə – Avropa Parlamentində üçüncü ölkələrdə insan hüquqları və korrupsiya mövzusunda dinləmə keçiriləcək. Dinləmədə “Sport for Human Rights Coalition” (İnsan hüquqları naminə İdman) koordinatoru Rebeka Vinsent çıxış edəcək. O, bu barədə özünün twitter mikroblogunda yazıb.
Dinləmələrdə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək. Vinsent hesab edir ki, Avropa İttifaqı Azərbaycan hökumətini daha sərt şəkildə insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə çağırmalıdır.
“İnsan hüquqları naminə idman” kampaniyasının fəalları hesab edirlər ki, bu ilin mart-may aylarında Azərbaycanda bir çox siyasi, ictimai fəal azadlığa çıxsa da, vəziyyət dəyişməyib. Son vaxtlar yeni həbslər həyata keçirilib. Bu, Azərbaycan prezidentinin Konstitusiyaya dövlət başçısının səlahiyyətlərini gücləndirən düzəlişlər üzrə referendum təşəbbüsü irəli sürməsindən sonra baş verib. (“Turan” İA)