İ.Rəsulzadə: “Müsavatçı olmağıma görə işimi itirə bilərəm, bunun adı isə siyasi sifarişdir”
Bu günlərdə sosial şəbəkələrdə Şəki rayonunda bir nəfərin saxlanılmasına daur məlumat yayıldı. Məlumatlarda həmin şəxsin-İmran Rəsulzadənin Müsavatçı, ya da keçmiş MTN olaylar ilə bağlı olması qeyd olunur. Məsələylə bağlı dəqiq məlumat əldə etmək üçün həmin şəxslə əlaqə saxladıq və o da suallarımızı cavablandırmaqla baş verənlərə aydınlıq gətirdi.
-İmran bəy, nələr baş verdiyinə dair məlumat verə bilərsinizmi? – Qeyd edim ki, mən “Müsavat” partiyasının üzvüyəm, seçkilərdə və digər işlərdə partiyanı ləyaqətlə təmsil etmişəm. Peşə fəaliyyətimə görə isə kameraman işləyirəm. Məlum MTN hadisələrindən sonra mənə qarşı münasibət dəyişdi və qeyri-adi bir şey olmuş kimi “mənim Müsavatçı olmağım” ortaya çıxdı. Bundan sonra mənə qarşı münasibət dəyişdi və demək olar ki, polislər məni tez-tez dindirməyə başladılar. Yəni, mən “Müsavat” partiyasının üzvüyəm və tərəfdarıyam. Lakin, buna görə mənə qarşı başqa münasibət göstərilməsini qeyri-demokratik addım kimi qələmə verirəm.
– Son həbs olunmağınızla bağlı nə deyə bilərsiniz? – 27 noyabrda məni polisə dəvət etdilər və iki gün polisdə saxlanıldım. Demək olar ki, 2 gün polisdə çox ağır təzyiq və təhdit altında məndən ifadə almaq istəyirdilər ki, mən Şəki rayonunda baş verənləri və televiziya çəkilişlərini başqa mənbələrə, mətbuata ötürmüşəm. Eyni zamanda məndən soruşdular ki, “Müsavat” partiyasının üzvü ola-ola necə dövlət televiziyasında işləmisən. Mənə dedilər ki, sənin arxanda Akif Çovdarov dayanar və siz dövlət çevrilişi etməyi planlaşdırırdınız. Bunlar baş verərkən mən təhqirə məruz qaldım, şəxsimə həqarətli sözlər eşitdim, insan ləyaqətini alçaldan ifadələrlə özümü psixoloji işgəncə almış kimi hiss etdim. Məndən tələb edilirdi ki, baş verənləri etiraf edim.
-Bununla bağlı nə kimi addımlar atmaq fikrindəsiniz?- Məni 48 saatdan sonra azad etdilər ki, guya şübhəli şəxs kimi saxlanılmışam. Həkimə və psixoloqa müraciət edəcəm. Ailə üzvlərim də qorxu keçirmişlər. Çalışacam ki, hüquqlarımın bərpasına nail olum. Həm də bu birinci hadisə deyil. Mən 2016-cı ilin may ayından gərginlikdəyəm. Təxminən 10 gün əvvəl də polisdə 10 saatdan artıq saxlanılmışam və təzyiq görmüşəm. Çox təəssüf ki, bu Azərbaycan reallığıdır və biz qeyri-demokratik bir ölkədə yaşayırıq. Bu gedişlə hətta iş yerimdə də problem olacağı ehtimalını fikirləşirəm. Bütün bu işlərin sonu Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasından keçir.