Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiya deputatı Moskvanın humanitar yardımının paxırını açdı

İtaliyanın “Beş ulduz hərəkatı” siyasi partiyasının nümayəndəsi, İtaliya Senatı xarici işlər komissiyasının sədri Vito Rosario Petrocelli Rusiyanın Dövlət Dumasındakı həmkarından – parlamentin beynəlxalq işlər komissiyasının başçısı Leonid Slutsky-dən məktub alıb.

Məktubu italyan siyasətçiyə Rusiyanın Romadakı səfiri Sergei Razov çatdırıb.

Bu məktubda Slutsky Rusiyanın İtaliyaya koronavirusla mübarizədə göstərdiyi köməyi yada salır və Petrocelli-dən İtaliyanın Brüsselə təzyiq göstərərək Moskva üzərindəki sanksiyaların qaldırılmasına nail olmasına çağırış edir.

Məktubun fotosurətini təhqiqat jurnalistikası ilə məşğul olan Linkiesta qəzeti dərc edib.

Jurnalistlər bildirirlər ki, bu məktub rəsmi və ya işgüzar yazışma sayıla bilməz, çünki İtaliya XİN-ə və ya İtaliya hökumətinə rəsmi müraciət kimi tərtib edilməyib.

Nankor Qərb

Məktubda deyilir:

“Təəssüfümü ifadə etmək istərdim ki, BMT Baş Assambleyasında Rusiyanın təklif etdiyi koronavirus pandemiyası ilə mübarizədə həmrəylik bəyannaməsinə dair konsensus əldə oluna bilməyib”.

Slutsky 2020-ci ilin martında baş vermiş hadisəyə işarə edir. O vaxt Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyaya qarşı Qərb ölkələri tərəfindən qoyulmuş sanksiyaların pandemiya dövrü üçün müvəqqəti olaraq dondurulmasını təklif etmişdi.

Rusiya prezidenti bildirirdi kİ, belə bir addım koronavirus epidemiyası ilə mübarizənin səmərəliliyini artıra bilər.

Nə Avropa İttifaqı, nə də ABŞ bu təklifi qəbul etməmiş, sanksiyaların qüvvədə saxlanması isə Rusiya dövlət telekanallarında güclü hiddət reaksiyası doğurmuşdu:

Slutsky-nin məktubunda daha sonra deyilir:

“Mən Avropa İttifaqının, ABŞ və Britaniyanın rəhbərliyindəki sağlam düşüncəli insanlara üz tutaraq onları dağıdıcı sanksiyalıar siyasətindən əl çəkməyə çağırıram”.

Rusiya deputatı bildirir ki, “qlobal pandemiya təhlükəsi şəraitində çəkindirmə xəttinin dayandırılması” vaxtıdır:

“Öz tərəfindən Rusiyanın Sülh Fondu COVID-19 epidemiyasından əzab çəkən dövlətlərə köməyini davam etdirir”.

Bu da qeyd olunmalıdır ki, həmin bu deputat Slutsky-nin özü sanksiya siyahısındadır və nə ABŞ-a, nə də Avropa İttifaqı ölkələrinə səfər edə bilməz.

Slutsky-nin müraciətinə əlavə edilmiş məktubda Petrocelli-ni “əziz Vito” adlandıran səfir Razov italyan siyasətçidən bu sənədi İtaliya senatorlarının nəzəəinə çatdırmasını xahiş edir.

Təmənnasız yardım?

Linkiesta yazır ki, Petrocelli daim Moskvanın maraqlarını təmsil edib, habelə Putin və Suriya prezidenti Assadın pərəstişkarıdır.

Mart ayında Rusiya İtaliyaya koronavirusla mübarizə üçün humanitar yardım və hərbi həkimlər göndərib.

Rusiya kütləvi informasiya vasitələri bu yardımdan moskvayönlü təbliğat üçün gen-bol istifadə ediblər.

Aprelin 13-də La Repubblica qəzeti yazırdı ki, İtaliyada yaşayan rusiyalılar yerli tanışlarına “hansısa Rusiya KİV-i” üçün Rusiyaya və Putinə humanitar yardıma görə təşəkkür videosu çəkməyi və onu Twitter, Facebook və ya Instagramda yerləşdirməyi xahiş edir, müqabilində 200 avro təklif edirdilər.

Bir çox italyanlara belə təkliflər WhatsApp vasitəsilə edilmişdi.

24saat.org

Mənbə – azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir