Hakimiyyət birdən-birə Mehman Hüseynovun gənc olduğunu və humanizm prinsiplərini yadına salıb
Bazar ertəsi dövlət başçısının hüquq-mühafizə və hərbi məsələlər üzrə köməkçisi Fuad Əsəsgərov hakimiyyətin Mehman Hüseynovu azad etməyə hazır olduğuna, daha dəqiq desək, ona qarşı yeni cinayət işinin açılmayacağına işarə edib.
Mehman Hüseynovun onun işində ədalətin bərpa edilməsilə bağlı dövlət başçısına müraciət etdiyini xatırladan F.Ələsgərov bildirib ki, hüquq müdafiəçilərindən ibarət qrup da analoji müraciət edib.
“Hörmətli prezident Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib ki, məhkumun gənc olduğunu, iki ilə yaxın həbs cəzası çəkdiyini, onun ailə vəziyyətini və yaşlı atasını nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipi ön plana çəkilsin, obyektiv və ədalətli istintaqın aparılması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilsin.
Eyni zamanda cənab prezident insident iştirakçılarını barışıq üçün addımlar atmağa çağırıb”, – F.Ələsgərov qeyd edib.
F.Ələsgərovun dediklərindən belə nəticəyə gəlmək olar ki, blogerə qarşı yeni cinayət işi bağlanacaq. “Döyülən” nəzarətçi Əli Mehmanın gənc olmasını nəzərə alıb onunla barışacaq. Döyülmənin şahidləri isə bildirəcəklər ki, heç nə baş verməmişdi.
Məntiqlə bu, cinayət işini qaldırmış prokurorun və 14 saylı koloniya rəhbərliyinin işdən kənarlaşdırılması ilə başa çatmalıdır. Çünki onların günahı üzündən ölkə rəhbərliyi dünyanın hər tərəfindən görünməmiş tənqidlərə məruz qalıb, cəmiyyətdə etiraz əhval-ruhiyyəsi yaranıb.
Ancaq ən maraqlısı prokurorun və nəzarətçinin durumu deyil, dünənə qədər “Mehman öz hərəkətinə görə cavab verməlidir, heç kim Bakıya təzyiq göstərə bilməz və göstəriş verə bilməz” deyən “hüquq müdafiəçiləri”nin, “jurnalistlər”in və hakimiyyətin qulluğunda duran xadimlərin düşəcəyi durumdur.