Bu gün Mətbuat Şurası “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirib. Tədbirdə jurnalistlərə onların “borc” və “vəzifələr”i xatırladılıb.
Prezidentin köməkçisi Əli Həsənov deyib ki, görüşdə məqsəd düşmən qüvvələrin Azərbaycan dövlətinə qarşı “məkrli planı”nı ictimaiyyətin diqqətinə çatdırmaqdır. O, mətbuatı “sabitliyin qorunmasına” çağırıb, əks halda, dövlətin əsasları sarsıla bilər, necə ki, bu, Yaxın Şərq ölkələrində rəngli inqilablar zamanı baş vermişdi.
Onun sözlərinə görə, “Azərbaycanın enerji resurslarını əldə etmək və ondan təmənnasız istifadə etmək istəyən qüvvələr var”. Azərbaycan prezidenti onların yolunda maneədir.
“Biz Azərbaycandan digər dövlətə qarşı istifadə olunmasına inkan verməmişik və verməyəcəyik”, – o davam edib və düşmən qüvvələrin Azərbaycanda təmin olunmuş İnternet azadlığından sui-istifadə etməsindən şikayətlənib.
Dövlət başçısına, onun ailə üzvlərinə qarşı çirkin kampaniyanın aparıldığını qeyd edən Ə.Həsənov bunda anti-Azərbaycan mərkəzlərini ittiham edib.
Azərbaycanda növbəti prezident seçkiləri aprelin 11-nə təyin olunandan sonra qeyd edilən mərkəzlərin məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxdıqlarını diqqətə çatdıran Ə. Həsənov bildirib ki, onlar bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar.
O, şəxsən öz ünvanına da tənqidlərdən şikayətlənməyi unutmayıb.
Sonra hakimiyyəti tənqid edənləri Azərbaycanda da Suriyada etdiklərini törətmək istəyən “virtual İslam Dövləti” ilə müqayisə edib, “vətən və həya hissini itirənlərə” qarşı mübarizəyə çağırıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğölu “yümşaq güc”ün tətbiqinə çağırıb, ancaq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Ə.Həsənovun mövqeyini dəstəkləyənlərin arasında bəzi siyasi məhbuslar da olub.
Gününsəsi.info saytının redaktoru Pərviz Həşimli mühüm ictimai-siyasi hadisələr ərəfəsində fəallaşan və böhtan xarakterli materiallar yazan müəlliflərə qarşı mübarizəyə çağırıb.
Bir zamanlar Heydər və İlham Əliyevləri kəskin tənqid edən “Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu bildirib ki, xaricdə yaşayan azərbaycanlıların ölkə əleyhinə çıxış etməsi əslində böyük qüvvələrin Azərbaycan dövlətinə qarşı həyata keçirmək istədikləri məkrli planın tərkib hissəsidir. Bu gün Azərbaycanda mövcud olan möhkəm ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr həmin şəxslərdən istifadə edirlər. Təsadüfi deyil ki, buna görə də həmin qüvvələr Azərbaycandakı sabitliyin əsas dayağı olan xalq-iqtidar həmrəyliyini hədəfə alıblar.
“Bakinski raboçi” qəzetinin və “1news.az” saytının baş redaktoru Rəhman Hacıyev deyib ki, son zamanlar super dövlətlər tərəfindən sosial şəbəkələrdəki məlumatlardan müəyyən təsir və təzyiq vasitəsi kimi istifadə olunur. Buna görə də sosial şəbəkələrdən və İnternetdən istifadəyə nəzarət gücləndirilməlidir.