Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Prezidentliyinə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin, prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürən Tural Abbaslının, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Virtualaz.org-un məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslər imza vərəqələrini, namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər.
Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən S.Məmmədovun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.
Prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı müəyyən nöqsanlara yol verdiyi üçün onun namizədliyi qeydə alınmayıb.
Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən namizədliyi irəli sürülən Əli Əliyevin də namizədliyi qeydə alınmayıb.
Bununla da Prezidentliyə namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiqlənmiş bütün iddiaçılarla bağlı qərar verilib və namizədlərin qeydə alınması prosesi başa çatıb. Komissiya onlardan səkkizinin namizədliyini qeydə alıb. Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.
Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Onu da xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.