Skip to content
Elçin Məmməd: “Şəhər məhkəməsinə çox yaxın ərazidə yerləşən ofisə müdaxilə sıradan bir hadisə ola bilməz və bu başqa mətləblərdən xəbər verir”
Bu ilin fevral ayında “Sumqayıt Gənclərinin Hüquqi Maaarifləndirilməsi” İctimai Birlyinin və “Yüksəliş naminə” qəzetinin ofisi kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb. Bu barədə hüquq müdafiəçisi Elçin Məmməd “Yukselis.info”ya bildirib. Onun sözlərinə görə, həmin vaxt ofisin qapısı sındırılıb və içəridəki sənədlər dağıdılıb, dolablar qarışdırılıb, printer və digər əşyalar götürülüb. Baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər 3-cü Polis bölməsində araşdırma aparılsa da, nəticəsi barədə hüquq müdafiəçisinə məlumat verilmir.
“Bununla bağlı dəfələrlə qeyd edilən polis bölməsində olmuşam və bildirilib ki, aparılan araşdırmanın nəticəsi yekunlaşmayıb. Sonuncu dəfə avqust ayında şəhər polis idarəsinin rəisinə ərizə ilə müraciət etdim, ancaq heç cavab da verilmədi. Artıq 8 aydır ki, baş vermiş hadisənin araşdırılması barədə hər hansı məlumat verilmir. Qeyd edim ki, həmin ofis həmçinin vətəndaşlara hüquqi maarifləndirmə məqsədilə “Hüquq Bürosu” kimi fəaliyyət göstərir və ofisdə yüzlərlə vətəndaşın şəxsi sənədləri saxlanılır. İctimai-siyasi fəallara və jurnalistlərə qarşı təxirəsalınmaz “tədbirlər” həyata keçirən polisimiz bu məsələdə acizlik nümayiş etdirir və bu bizdə şübhələr oyadır.” – deyə Elçin Məmməd bildirib.
Hüquq müdafiəçisi baş verən hadisəni sıradan bir oğurluq hesab etmir. Onun sözlərinə görə, avadanlıqların oğurlanması ilə yanaşı sənədlərin dağıdılması başqa mətləblərdən xəbər verir.
“Azərbaycanda aprel ayında keçirilmiş növbədənkənar prezident seçkiləri ərəfəsi rəhbərlik etdiyim QHT-nin sərt bəyanatı və təqdimatını keçirtdiyimiz Azərbaycanda 2017-ci ildə medianın vəziyyətilə bağlı hesabat qabağı göz dağı ola bilərdi. Çünki sosial şəbəkələrdə hesabatın anonsunu vermişdik, məlumatda medianın təzyiqlərə məruz qaldığı, müstəqil jurnalistlərin şərlənərək həbs olunduğunu qeyd etmişdik.” – deyə hüquq müdafiəçisi qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Elçin Məmməd fəaliyyətilə bağlı Sumqayıt şəhər prokurorluğunun rəsmi xəbərdarlığını alıb. Bununla bağlı məhkəməyə müraciət etsə də, nəticəsi olmayıb. Hüquq müdafiəçisi bu ilin yanvar ayında isə bir neçə dəfə müxtəlif bəhanələrlə polisə və prokurorluğa çağrılıb. Ona görə də hüquq müdafiəçisi hesab edir ki, şəhər məhkəməsinə çox yaxın ərazidə yerləşən ofisə müdaxilə sıradan bir hadisə ola bilməz və bu başqa mətləblərdən xəbər verir.
Tagged:Media-fakt.info