“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.
Qeyd edək ki, dünən Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.
Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli üzrə keçirilən görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.