Avqustun 25-də Almaniya kansleri Angela Merkel Bakıya səfəri çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. Görüş Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında keçirilib və təxminən bir saat davam edib. Görüşdə Turqut Qəmbər (NİDA Hərəkatının üzvü), Xədicə İsmayılova (araşdırmaçı jurnalist), Əvəz Həsənov (Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri), Şəhla İsmayıl (“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin rəhbəri və Sevinc Səmədzadə (gənc fəal, sülhməramlı təşəbbüslər iştirakçısı) iştirak ediblər. Görüşün detalları və görüşdən sonrakı gözləntilər barədə ASTNA həmin görüşdə iştirak etmiş NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbərlə söhbətləşdi.
-Turqut bəy, Almaniya kansleri Angela Merkelin vətəndaş cəmiyyəti üzvləri ilə görüşündə siz də iştirak edirdiniz. Çox az kəsimin iştirakı sosial şəbəkədə geniş müzakirələrə səbəb oldu. Çox istərdik ki, ümumən hansı məsələlərin müzakirə olunduğu barədə geniş məlumat verəsiniz və vətəndaş cəmiyyəti üzvlərinin qaldırdıqları problemləri sadalayasınız.
-Görüşdə insan hüquqlarının durumu, siyasi məhbuslar problemi, Qarabağ münaqişəsi, gender məsələləri, korrupsiyanın Azərbaycana təsiri, sərbəst toplaşma azadlığı, QHT-lərin üzləşdiyi çətinliklər, Avropa və Azərbaycan arasında enerji əlaqələri, ümumən siyasi durum və s. bir sıra məsələ müzakirə olunub. Düşünürəm ki, təxminən 1 saat davam edən görüş üçün kifayət qədər məsələ müzakirə olundu.
-Xanım kanslerin sizin qaldırdığınız məsələlərə münasibəti necə idi? Ən azı müşahidələrinizə əsaslanıb bunu deyə bilərsiniz. Merkel sizin dedikləriniz barədə məlumatlı görünürdü, yoxsa sizin danışdıqlarınız ona təəccüblü gəlirdi? Ümumiyyətlə, buradakı proseslərə və eşitdiklərinə reaksiyası necə oldu?
-Ümumən hiss olundu ki, kansler Merkelin Azərbaycan haqqında ümumi təsəvvürü var, ölkənin problemlərinin nədən ibarət olduğunu anlayır. Bir təcrübəli siyasətçi və dövlət xadimi üçün bu da gözləniləndir. Görüş zamanı danışılanlara diqqətlə qulaq asırdı, dəqiqləşdirici suallar verirdi.
-Adətən ictimaiyyətdə belə bir fikir formalaşıb ki, bu görüşlər formal və protokol xarakteri daşıyır. Yəni, bütün bu görüşlər nəticəsizdir. Bəs siz bu görüşlər haqda nə düşünürsünüz?
-Bu tipli görüşlərin olması öz-özlüyündə əhəmiyyətlidir. Almaniya kimi aparıcı dövlətin rəhbərinin Azərbaycana səfər etməsi və burada alternativ fikir daşıyıcılarına qulaq asmaq istəməsi müsbət hadisədir. Digər tərəfdən, bu tipli görüşləri şişirtmək və aşırı gözləntilər yaratmaq da yanlışdır. Hər bir görüş və təmas az da olsa təsirə malikdir, tam nəticəsiz hesab etmək də yanlışdır. Ancaq gərək hər birimiz yadda saxlayaq ki, Azərbaycanın problemlərinin həlli hər hansı xarici ölkədə deyil, daxildə, Azərbaycan xalqının toparlanmasındadır, problemlərinə sahib çıxmaq istəməsindədir.
– Konkret olaraq bu görüşdən gözləntiləriniz nədir? Bu görüşün hansısa bir formada nəticəsinin olacağını düşünürsünüzmü?
-Bir qədər öncə bu suala ümumi cavab verdim. Və qeyd etdiyim kimi, xüsusi gözləntilərim yoxdur. Almaniya tərəfi ümumi yanaşmasını və siyasətini davam etdirəcək, bir ölkənin strategiyası bir görüşlə dəyişəsi deyil, ancaq, tək bizim görüşümüz yox, ümumən, Azərbaycanda keçirilən görüşlər və təmaslar da bu siyasətə müəyyən korrektələrə gətirib çıxara bilər.
-Gənc siyasətçi kimi fikirləriniz də maraqlıdır. Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycanda hansı proseslər baş verəcək? Proseslər hansı istiqamətdə dəyişəcək? Coğrafi və dünyadakı proseslərdən dolayı Azərbaycanda insan haqları və demokratiya sahəsində müsbət irəliləyiş gözləmək olarmı?
-Azərbaycan dərin siyasi və iqtisadi böhrandadır. Bu böhran bütün sahələri əhatə edir. Çox şey Azərbaycandakı hakimiyyətin yanaşmasından asılı olacaq. Ya o, durumun çətinliyinə müvafiq addımlar atacaq, köklü siyasi və iqtisadi islahatlara gedəcək ki, son 3-4 ildə baş verənlər bu ehtimalın nə qədər zəif olduğunu göstərir, ya da əhalinin artan narazılığını repressiyalar etməklə, cəmiyyətdə xofu artırmaqla zərərsizləşdirməyə çalışacaq. Tarix göstərir ki, bu tipli yanaşmanın axırı yoxdur, avtoritar rejimlər əhalinin narazılığını yalnız bir yerə qədər qorxu ilə neytrallaşdıra bilir. Ümumən, siyasətdə konkret zaman və vaxtla bağlı proqnoz vermək çox yanlışdır, ancaq əminəm ki, Azərbaycanda demokratikləşmə və fundamental dəyişikliklər prosesinin başlanması labüddür.