Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə İctimai Müsahibə Sosial-iqtisadi Xəbərlər

Məmurlar Avropa Oyunlarına yardım adıyla iş adamlarından pul yığırlar.

Azərbaycan böyük idman arenasına ev sahibliyi etmək ərəfəsindədir. Tarixdə ilk dəfə Avropa oyunları məhz Azərbaycan paytaxtında keçiriləcək.  İdman oyunu Azərbaycan kimi ölkələrin tanıdılması baxımından önəmli rol oynasa da, xeyli məsələlərin həll edilməsini şərtləndirir. İlk növbədə bu oyunların qəbul edilməsi külli miqdarda vəsait tələb edir. Digər tərəfdən yarışın Bakıda keçirilməsinə qərar verənlər ona ciddi maliyyə ayırmayıblar. Əlavə olaraq bu yarış 4 ildən bir keçirilən Olimpiya oyunları, və ya Futbol üzrə Dünya Çempionatı səviyyəsində deyil ki, turistlərdən gəlir əldə olunsun. Lakin, Azərbaycan hökuməti öz üzərinə xərcləri qarşılamaq da daxil olmaqla xeyli öhdəlik götürüb.  Lakin, yarışların keçirilməsi və ya beynəlxalq öhdəliyin götürülməsi o anlama gəlmir ki, Azərbaycanın korrupsiya aparatı dayanacaq və məmurlarımız “pulsilmə əməliyyatları”nı dayandıracaqlar. Artıq ictimaiyyətdə məlumatlar dolaşır ki, iş adamlarından dövriyyəsinə uyğun olaraq pul yığılır. Onlara bildirilir ki, yardım etmək lazımdır ki, dövlətimizin nüfuzuna xələl gəlməsin. Belə bir “pulyığma əməliyyatının” güdazına düşmüş kiçik sahibkarla söhbət etmək imkanımız yarandı.

Müsahibimiz kiçik sahibkar Ramin İmanov Avropa oyunları ərəfəsində ondan necə pul istənildiyini və başına gələn digər olayları şərh etdi.

Kiçik sahibkar qısa olaraq başına gələnləri belə şərh etdi: “Aprel ayının əvvəllərində 2 nəfər mülki geyimli şəxs dükana gəlib özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim etdilər və məndən Avropa oyunlarına yardım adıyla 3000 manat pul tələb etdilər. Mən bunun qeyri qanuni olduğunu söylədim və imtina etdim. Təxminən bir həftədən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yoxlama adıyla gəlib, təhlükəsizlik qaydalarına əməl olunmadığını bildirdilər. Ertəsi gün isə Dövlət Epidemiologiya və Sanitariya xidmətinin əməkdaşları gəldilər. Bir saata yaxın axtarışdan sonra sanitariya qaydalarına əməl olunmadığını dedilər və qərar verildi ki, dükan bağlansın. Acınacaqlı odur ki, bundan sonra mən istintaq orqnına çağırıldım və dindirildim. Lakin, bu barədə mən indi detallı məlumat verə bilmərəm”.

Ramin bəy başına gələnlərin ağır olduğunu və prosesin bitmədiyini söylədi: “Azərbaycanda kiçik sahibkarlığa dövlətin dəstəyi olsa da, ölkə başçısı daim bu barədə çağırışlar etsə də, məmurlar buna əməl etmirlər və kiçik sahibkarlığı baltalayırlar.  Büdcədən ayrılan pullar xərclənir və sonra iş görmək üçün bizim kimi insanlardan qeyri-qanuni pul yığılır. Durum o vəziyyətdədir ki, mən artıq ciddi şəkildə narahatçılıq keçirirəm. Yalnız deyə bilərəm ki, mən hal-hazırda çalışıram və və işimin davam etməsi müqabilində nəyisə qurban vermişəm. Başıma gələnlərlə bağlı isə ölkə başçısına müraciət etmişəm.

            Ramil İmanov sonda bildirdi ki, bu proses yalnız onsa qarşı deyil, bütün sahibkalara qarşı yönəlmişdir: “Məndə xeyli məlumatlar var və tanıdığım xeyli iş adamları var ki, həmin bu oyunlar onların da başına gətirilir. Sadəcə insanlar danışmaq və əlavə problem yaratmaq istəmirlər. Bu durum çox güman ki, belə qalmayacaq və baş verənlər bir cinayət hadisəsi kimi araşdırılmalıdır”.

Taryel Bayramov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir