Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bərdə sakinləri erkən nikah problemi ilə bağlı maarifləndirilib-FOTO

“Qadınlara qarşı zorakılıq, erkən nikah və sonradan yaranan problemlər son dövrlərin ən aktual problemləri olaraq qalır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır. Hər hansı etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycanda din,  qızların təhsildən zoran ayrılması, erkən nikaha cəlb edilməsi, zorakılığa məruz qalması hallarına rast gəlinir. Bütün bunların qarşısının alınmasının bir yolu da insanların maarifləndirilməsindən keçir”. Bu fikirləri Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin layihə rəhbəri Kubra Məmmədova Bərdədə keçirilən məlumatlandırma sessiyasında bildirib.

“Erkən nigaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psixoloji və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında çıxış edən K.Məmmədova qeyd edib ki, Azərbaycan qanunvericiliyi bu istiqamətdə də əhalinin hüquqlarının qorunmasına imkan verir: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 4 ay müddətində davam edir. Layihənin əsas məqsədi son dövrlər artan erkən nikah  və məişət zorakılığından aradan qaldırılması üçün ona qarşı mübarizənin təşkil edilməsi, erkən nikaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psxoloji və  hüquqi yardımların göstərilməsi istiqamətində ictimai təşəbbüslərin gücləndirilməsidir. Digər tərəfdən onların biliklərinin artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirlməsi istiqamətində maariflədnirmə  işinin təşkilidir”.

Tədbirdə məruzəçi qismində çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov Azərbaycan qanunvericiliyin nikah yaşı, nikaha daxil olmaq üçün tələblər, gender bərəbərliyinin təmin olunması istiqamətində görülən tədbirlərlə bağlı iştirakçılara məlumat verib: “Azərbaycan Konstitusiyası hər kəsə qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ verir. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ailə Məcəlləsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir”.

X.Kazımov qeyd edib ki, son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub: “Həmin ildə 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. Bu isə həmin ildə bütün diri doğulanların 16,5 faizini təşkil edib. 2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 25 069

uşaqdan 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd yerlərində dünyaya gəlib.

2014-cü ildə nikahdankənar doğulan 25 486 uşaqdan 9 772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə nikahdankənar doğulan 24 038 uşaqdan 9 411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə nikahdankənar doğulan 26 288 uşaqdan  9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd yerlərində dünyaya gəlib. 2017-ci ildə isə nikahdankənar doğulanların sayı əvvəlki illərə nisbətən bir qədər azalıb.  Həmin il yeni doğulan 22 796  uşaqdan 8 167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşür”.

Nikahdan öncə tibbi müayinənin əhəmiyyətinə toxunan ekspert qeyd edib ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, 2017-ci ildə nikahqabağı müayinədən 135 990 nəfər keçib: “Onlardan 3891-ində talassemiya daşıyıcılığı, 449-unda sifilis və 119-unda QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan çütlüklərin sayı 41 nəfər olub. Bu çütlüklərin 39-u instituta müraciət edib, 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Ümumilikdə, isə proqram başlanandan bu ilin əvvəlinədək 373 680 nəfər müayinədən keçib. Onlardan 14364-ündə talassemiya daşıyıcılığı, 1349-unda sifilis və 293-ündə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan çütlüklərin sayı 134 olub. Xəstə uşaqların doğulmaması üçün nikahdan əvvəl tibbi müayinənin xüsusi əhəmiyyəti var”.

Sonda layihə rəhbəri və ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir