Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Karxanaların qanunsuz fəaliyyəti ilə bağlı iş məhkəməyə verilib

Ölkənin ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin pozulması halları aşkar edilib. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması halları üzə çıxıb.

Bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.

Məlumatda vurğulanır ki, “Göyçay qum-çınqıl” yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı materiallar toplanıb.

Həmin materiallar əsasında CM-in 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanmış cinayət işlərinin istintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Baş Prokuroluq bildirir ki, həmin cinayət işlərindən daha 1-i ayrıca icraata götürülərək istintaqı tamamlanıb.

Qeyd edilən iş üzrə aparılmış istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi məlum olub.

Eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edildiyi üçün “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, fiziki şəxslər Natiq Zakirov və Nazim Qasımov, “Azpod” MMC-nin qum-çınqıl istismarı sahəsinin rəisi Nəcməddin Əliyevə CM-in qeyd edilən maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qət-imkan tədbiri seçilib.

“Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyevin barəsində isə polisin nəzarəti altına verilməsi qərarı çıxarılıb.

Qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir