Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadənin külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayıb.
Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında vəkil Fariz Namazlı müttəhimin təqsirsiz olduğunu bildirib. O, Ə.Nuruzadənin saxlanması zamanı qanun pozuntusuna yol verildiyini deyib.
Ə.Nuruzadə Səməd Vurğun parkının yanında taksidən çıxarkən saxlanılıb. Dərhal onun əllərini qandallayıblar.
Belə vəziyyətdə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıblar. Bu müddətdə polisin nəzarətində olub. Çox güman ki, narkotik maddəni onun cibinə orada qoyublar.
F.Namazlı xatırladıb ki, Ə.Nuruzadə ictimai fəaliyyətlə məşğul olub, dini fəalların, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin həbsi və məhkəmə prosesləri barədə məlumatlar dərc edib. Məhz belə fəaliyyətə görə onu əvvəllər də iki dəfə BMCQMİ əməkdaşları saxlayıblar. Onların təqdimatı əsasında Ə.Nuruzadə inzibati həbsə məruz qalıb.
O zaman ona xəbərdarlıq edilmişdi ki, əgər ictimai fəaliyyətinə son qoymasa uzun müddətə həbs olunacaq.
Vəkil Ə.Nuruzadəyə bəraət verilməsini istəyib.
Ə.Nuruzadə vəkilin dediklərini dəstəkləyib.
Prokuror isə şikayətin təmin edilməməsini istəyib.
Qısa məşvərətdən sonra məhkəmə şikayətin təmin olunmaması barədə qərar qəbul edib.
Vəkil F.Namazlı Turan-a bildirib ki, müdafiə tərəfi apellyasiya verəcək.
Xatırladaq ki, Ə.Nuruzadə 2017-ci oktyabrın 6-da narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb ki, bu da 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Martın 6-da o 7 il azadlıqdan məhrum edilib.
Ə.Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.