Avropa Parlamenti Türkiyədə baş verən son hadisələrlə bağlı narahatlığını ifadə edib. Qurumun beynəlxalq siyasət üzrə komitəsinin sədri Elmar Brok və birliyin Türkiyə üzrə səlahiyyətlisi Kati Piri ortaq açıqlamasında Türkiyə hökumətini qanunlara hörmət etməyə çağırıb. Açıqlamada Ərdoğanın gündəmə gətirdiyi edam cəzasının Türkiyə-AB münasibətlərinə ciddi təsir edəcəyi bildirilir:
“Çevriliş cəhdi zamanı və sonradan baş verənlərdən, məhkəmə hakimlərinin, digər işçilərin işlərindən uzaqlaşdırılması faktlarından dəhşətə gəldim. Son hadisələr Türkiyənin Avropadan daha çox uzaqlaşmasına xidmət edir”,- deyə Elmar Brok bildirib.
Türkiyənin AB üçün strateji müttəfiq olduğunu deyən Brok, Ərdoğanın Rusiya prezidenti Putinlə gözlənilən görüşünə də toxunub: “Ümid edirik ki, orada “avtoritarlar festivalı” görməyəcəyik”,-deyə AP səlahiyyətlisi bildirib.
AP-nin Türkiyə üzrə səlahiyyətlisi Kati Piri isə, rəsmi Ankaranı demokratiya və hüququn üstünlüyünü təmin etməyə çağırıb:
“Türk rəsmilərinin ilk reaksiyaları Ərdoğan hökumətinin cadugər ovu başlattığına dair qorxuları artırır”,- deyə Piri bildirib.
Mövcud hücumları “Putinizasyon” deyə xarakterizə edən Piri, bunun AB üçün riskli olduğunu və nəyin bahasına olursa olsun, bundan imtina edilməli olduğunu xatırladıb.