Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Alışanovla bağlı qalmaqallı məhkəmə bitdi: 52 il həbs

AzTV sədri Arif Alışanova sui-qəsd edilməsi iddiası ilə bağlı məhkəmə prosesi sona yetib. 
“Azərbaycan cəmiyyəti bu prosesin gedişində ictimaiyyətdən gizlədilmiş xeyli maraqlı məlumatlar ala bildi. Məsələn, məlum oldu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon manatlıq torpaq alveri edibmiş. Bundan başqa onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. Sən demə, AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş”.
Bu barədə Aztoday.az saytı məlumat yayıb.
Saytda gedən məlumatda deyilir: “Məhkəmə illər uzunu yarıtmaz fəaliyyətinə görə mətbuatda tənqid edilən A.Alışanovun hansı mənəvi keyfiyyətlərin sahibi olduğunu da üzə çıxarıb. Onun Şamaxıya apardığı “qarasaçlı qızı qətlə yetirməsi” barədə iddia məhkəmədə ört-basdır edilsə də, cəmiyyətdə ildırım kimi çaxdı. Amma bütün bunlara baxmayaraq, Bakı Ağır Cinayətlər məhkəməsinin yekun qərarı AzTV sədrinin istəyinə uyğun olub. Yəni Alışanova “sui-qəsd cəhdində” bulunanlar və torpaqları ona baha satan üç nəfər üst-üstə 52 il həbs cəzasına məhkum ediliblər.
Sonuncu məhkəmə iclasında çıxış edən tanınmış vəkil İman Həsənov konkret faktlarla sübut edib ki, bu cinayət işi DİN-nin əməliyyat müvəkkili R.Camalovun silah alverçisi kimi tanınan Müsabi adlı şəxslə birgə planladığı və başdan-ayağa qurama, saxta və sifarişli bir işdir. O deyib ki, burada “sui-qəsd” cinayətini sübut edən heç bir dəlil yoxdur. Vəkil həmçinin bildirib ki, əsas ittiham olunan şəxsin, torpaq alqı-satqısı ilə məşğul olan makler Şücayət Əkbərovun dələduz kimi qələmə verilməsi qanunlara ziddir.
AzTV sədrinin qəzəbinə tuş gəlmiş Ş.Əkbərovun qızı vaxtilə AzTV-də çalışmış Cəmilə Tağıyeva jurnalistlərə bildirib ki, A.Alışanov atamdan nə üçünsə qisas alır və təəssüf ki, hüquq-mühafizə orqanlarını, o cümlədən məhkəməni də bu işdə alətə çevirib. O deyib ki, məhkəmə tam ədalətsiz və qeyri-obyektiv aparılıb. Prosesi çox aşağı səviyyədə aparan hakim Əfqan Hacıyev vəkillərimizin verdiyi 40-a yaxın vəsatətin heç birini qəbul etməyib. Onun hər bir kobud və qanunsuz hərəkətində sifariş yerinə yetirdiyini duyurduq.
Məlumata görə, “sui-qəsd” məhkəməsinin iclasları iyul ayının əvvəllərindən daha intensiv aparılmağa başlayıb. Hər həftəyə iki, bəzən 3 iclas təyin edilib. Mənbə qanun əleyhinə olan bu anomaliyanı onunla izah edir ki, məhkəmə prosesi A.Alışanovun ayın axırına olan ad gününə qədər yekunlaşdırmaq tapşırığını icra edib və özünün məlum qərarı ilə AzTV sədrinin könlünü oxşayıb.
Əlbəttə, oyuncaq məhkəmənin bu şəkildə sona yetməsi ölkədə məmur özbaşınalığı ilə bağlı xeyli suallar doğurur. Əsas sual budur ki, nəyə görə Alışanov kimi öz yerində olmayan vəzifə sahibləri səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşları, o cümlədən biznes ortaqlarını saxta ittihamlarla həbs etdirir, əmlaklarını əllərindən ala bilir? Nəyə görə pullu məmurlar hüquq-mühafizə orqanlarını, o cümlədən məhkəmələri də alətə çevirməyə nail olurlar? “Sui-qəsd” məhkəməsi Alışanovun əmlaka xərclədiyi milyonların mənbəyinin korrupsiya olduğu qənaətini daha da möhkəmlətdi. Bir də onu insan ölümündə ittiham etdilər. Bəs bununla bağlı kim tədbir görəcək, kim bu ölkədə qanunlara hörməti təmin edəcək?
Göründüyü kimi, suallar çoxdur, Alışanovun AzTV-dəki yarıtmaz fəaliyyətini də buraya əlavə etsək sualların sayı-hesabı olmayacaq. Deməli, indi əsas məsələ bu sualların cavabını tapmaq, cəmiyyətin həsrətində olduğu ədaləti bərpa etməkdir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir