Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, Türkiyədə baş verən hadisələrdən nəinki Azərbaycan, bütün ölkələr nəticə çıxarmalıdırlar:
“Türkiyədəki hadisələr hamımıza yaxşı bəlli olan müəyyən həqiqətləri bir daha təsdiq etdi. Təbii ki, Türkiyədə baş verən hadisələrdən nəticə çıxarılmalıdır. Azərbaycan da, digər dövlətlər də, ölkələr də nəticə çıxarmalıdırlar. Elə dünən Ermənistanda baş verən hadisələr kiçik miqyasda da olsa Türkiyədə baş verən hadisələrin oxşarı idi.
Ilk növbədə Türkiyənin yetkililəri, dövlət adamları, siyasi və aparıcı ictimai qüvvələri nəticə çıxarmalıdırlar. Azərbaycana və dünyaya gəldikdə isə çıxarılacaq nəticələr bəllidir.
Demokratiya və qanunun aliliyi hər şeydən önəmlidir. Xalq tərəfindən seçilmiş hakimiyyət yalnız xalq tərəfindən seçki yolu ilə kənarlaşdırıla bilər. Və yaxud əgər xalqın seçki yolu bağlanıbsa, onun dinc şəkildə hakimiyyəti dəyişdirmək hüququ var.
Hərbi çevrilişlər, silahlı çevrilişlər düşünürəm ki, 20-ci əsrdə qalmalıdır, 21-ci əsrdə, yeni dönəmdə buna əl atılmamalıdır. Və Türkiyədəki hadisələr azad medianın önəmini, yeni kommunikasıya imkanlarının önəmini, vətəndaş cəmiyyətinin, azad müstəqil düşünə bilən insanların, cəmiyyətin önəmini bir daha vurğuladı. Və bunu Türkiyədə də, Azərbaycanda da, hər yerdə hər kəs nəzərə almalıdır”.