Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

“Hakim dedi ki, biz Kərəm Həsənovun yanında balaca adamlarıq”

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı sakini Nizami Səmədova aid qeyri-yaşayış sahəsini başqasına satıb.
Bu barədə Arqument.Az-a Nizami Səmədov özü məlumat verib.
O bildirib ki, 13 il əvvəl rəsmi olaraq sərəncamına verilən, min bir əziyyətlə və borc-xərclə təmir edərək istifadə üçün yararlı hala saldığı 16 kvadrat metrlik zirzəmi sahəsini “hərrac” adı ilə faktiki ondan almağa çalışırlar.
 
“Hərrac, yoxsa, hərc-mərclik?”
Nizami Səmədov deyir ki, 2004-ci ilin sonlarında “Avtombilçi-2” MTK-ya məxsus qeyri-yaşayış zirzəmisinin ona verilməsi ilə bağlı ərizə ilə müraciət edib: “Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 saylı ünvandakı yaşayış binasının 9-cu girişində 16, kv.m olan qeyri-yaşayış sahəsinin mənə verilməsi barədə MTK-nın ümumi iclasının 19.11.2004-cü il tarixli (2 saylı protokol) qərarı baxılmaq üçün komissiyaya çıxarılıb. Həmin qərar Bakı Şəhər İcra Hakimiyyəti Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 1213 saylı  “03” dekabr 2004-cü il tarixli protokolu ilə verilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala  Abutalıbov tərəfindən “06” dekabr 2004-cü il tarixdə 283 saylı protokol təsdiqlənib və 2004-cü il tarixindən də sözügedən qeyri-yaşayış sahəsi mənim istifadəmdədir. Bundan əlavə Yasamal Bələdiyyəsinə əmlak vergisi ödəmiş, “Azərişıq” ASC və Su idarəsi, telefon qovşağı, internet xidməti və s. qurumlarla müqavilə bağlamışam”.
“Bu, “hərracsevərlər”in oyunudur”
Onun sözlərinə görə, 10 ildən artıq istifadəsində olan obyekt özünün də xəbəri olmadan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən başqasına satılıb: “2017-ci ildə guya hərracların birində obyekti Hüseyn adlı bir şəxsə satılıb. Bu barədə mənə məlumat da verilməyib. Əslində, qanuna görə, əgər həmin sahə hərraca çıxarılırdısa, zirzəmidən faktiki istifadə edən şəxsin, yəni mənim xəbərim olmalı idi və hazırda istifadəmdə olan obyekt öncə mənə təklif olunmalı idi. Amma bunun heç biri “hərracsevərlər” tərəfindən edilməyib və faktiki xəlvət yolla saxta bir “hərrac-işbazlıq səhnəsi” oynanılıb”.
Nizami Səmədov Əmlak Komitəsinə müraciət edir, ancaq etdiyi müraciətə sədr müavini Rüstəm Şahbazovun imzası ilə belə cavab alır: “Siz hərracda iştirak etmək hüququnuzdan istifadə etməmisiniz”.
 
“Hakim dedi ki, biz Kərəm Həsənovun qarşısında balaca adamlarıq”
Nizami Səmədov deyir ki, bundan sonra pozulmuş hüquqlarının bərpası üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutur, amma məhkəmə şikayəti təmin etmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Museyib Bayramov ona: “Biz Kərəm Həsənovun qarşısında balaca adamlarıq”, – deyə cavab verir.
Problemin həlli üçün ölkə başçısına dəfələrlə müraciət ünvanlayan N. Səmədov hələ də baş verən qanunsuzluğu aradan qaldıra bilməyib: “Cənab Prezident,  Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun imzası ilə verilən cavab şablon sözçülükdən başqa bir şey deyil və məni qane edə bilməz. Sədr müavini iddia edir ki, “siz hərracda iştirak etmək hüququnuzdan istifadə etməmisiz”,  buna görə də başqasına satılıb. Əvvəla, mən haradan bilim ki, kooperativ üzvü kimi mənə verilən və başqa bir dövlət qurumunun bir vaxtlar daşdan keçən sərəncamı ilə təsdiqlənən sənəd bir gün Əmlak Komitəsi tərəfindən heçə sayılacaq və ya kiminsə tamahının qurbanı olacaq? Axı Əmlak Komitəsi hansı əsasla kooperativin mülkiyyətini hərraca çıxarır və başqasına satır? Digər tərəfdən əgər Komitənin rəhbərliyinin belə bir niyyəti vardısa, onda niyə əvvəlcə həmin sahədən faktiki istifadə edən şəxsə müraciət edilməyib, yəni mənim ya “hə”, ya “yox” cavabımı soruşan olmayıb?”.
N. Səmədov məhkəmədə üzləşdiyi haqsızlıqlarla bağlı da dəfələrlə prezidentə, Birinci vitse-prezidentə müraciət etdiyini deyir: “Hələ o vaxt bu “hərrac oyunu” başa çatmamış məhkəmədə araşdırılana qədər mən qeyri-qanuni prosesin dayandırılması barədə aidiyyatı üzrə  1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etdim. Təəssüflər olsun ki, həmin məhkəmədə hakim Museyib Bayramov “biz Kərəm Həsənovun  qarşısında balaca adamlarıq”  sübutsuzluğu ilə iddianı təmin etmədi. Yəni Əmlak Məsələləri Dövlət Komitəsindəki dəllal təəssüratlı prosesin davam etdirilməsinə şərait yaratdı. Bundan sonra aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim Elmira xanım Nağıyevanın sədrliyi ilə Bakı Apellyasiya  Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddianın təmin olunması barədə 11 iyul 2017-ci il tarixli qərardad çıxardı və təmin olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərdi.  Təəssüf ki, həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, hakim Museyib Bayramov hələ də qərardadın icrasını təmin etməyib. Buna görə də anlamaq çətin deyil ki, o, “balaca adamlarıq” fikrində yanılmır. Ona görə də mən Prezidentə, Birinci vitse-prezidentə dəfələrlə müraciət etmişəm”.
 
“Rüstəm Şahbazov da bu qanunsuzluğa ortaq şəxslərdəndir”
Bakı sakini ölkə başçısının bu məsələyə müdaxilə edəcəyinə və yalnız bundan sonra problemin həll olunacağına ümid edir: “Bu, Əmlak Komitəsinin bəzi məmurlarının hərrac adı ilə başqasının əmlakını ələ keçirmək cəhdidir.  Rüstəm Şahbazov da artıq bu məsələdə ortaq olan şəxslərdəndir. Çünki işi ədalətli araşdırıb qərar verməyibsə, demək bu məsələdə onun da payl var. Sizdən ricamız budur ki,  qeyd olunan məsələnin obyektiv araşdırılmasını, kooperativin əmlakını onun öz üzvünə, yəni mənə – Nizami Səmədova qaytarılması barədə təsirli tədbirlər görməklə bu işi şəxsi nəzarətinizə  götürəsiniz. Çünki Əmlak məsələləri üzrə dövlət komitəsinin bəzi məmurları “qanunu biz yönəldirik” deyərək məsələnin obyektiv həllinə qarşı öz vəzifələrindən sui-istifadə edəcəklərini açıq bildirirlər. Mən Sizin ədalətinizə sığınaraq hüquqlarımın müdafiə olunmasını xahiş edirəm”.
Rüstəm Şahbazov
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir