2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür. Konfransda MHŞT-yə qoşulan ölkələr, şirkətlər, qeyri-hökumət təşkilatları tərəfindən MHŞT prinsiplərinə dair Bəyanat qəbul edilmişdir.
Konfransda aşağıdakı 3 hesabat forması qəbul edilmişdir:
Hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərdən hökumətin əldə etdiyi ödənişlərlə bağlı hesabat;
Hasilat sənayesi ilə məşğul olan xarici şirkətlərin fəaliyyət göstərdiyi ölkədə hökumətə ödənişləri ilə bağlı hesabat;
Hasilat sənayesi ilə məşğul olan yerli şirkətlərin öz ölkəsinin hökumətinə ödənişləri ilə bağlı hesabat.
MHŞT üzrə Lankaster Hauz Konfransında Azərbaycan hökumətinin MHŞT-yə qoşulması bəyan edildikdən sonra prezident İlham Əliyev konfransda qəbul edilən öhdəliklərin həyata keçirilməsi üçün MHŞT üzrə idarələrarası komissiya yaradılması haqqında göstəriş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli 224 nömrəli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. Komissiyaya dövlət orqanlarının, dövlət şirkətlərinin və dövlət mülkiyyətində olan digər qurumların əldə etdikləri gəlirlər (xarici və yerli şirkətlərin ödənişləri hesabına əldə olunan gəlirlər) barədə məlumatların toplanması və hökumət hesabatının tərtib edilməsi həvalə olunub. Komissiyaya Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru sədrlik edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2004-cü il iyunun 1-4-də Bakıda keçirilən “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2004” XI beynəlxalq sərgi və konfransında etdiyi açılış nitqində Azərbaycanın MHŞT-yə qoşulmasının uğurlarından danışarkən bildirib: “Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır. Bilirsiniz ki, Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Artıq bir ildən çoxdur ki, bu məsələ ilə ciddi məşğuluq və Böyük Britaniya Baş nazirinin təşəbbüsünü dəstəkləyirik. Deyə bilərəm ki, bölgədə Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, bu təşəbbüsdə çox fəal iştirak edir. Bu, bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında hiss etsin.”
Komissiya MHŞT-ni Azərbaycanda həyata keçirmək məqsədilə ölkənin mədən sənayesində fəaliyyət göstərən xarici və milli şirkətlərlə, habelə bu istiqamətdə fəallıq göstərən qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurub və yaxından əməkdaşlıq edir. Azərbaycan Respublikasında MHŞT-nin tətbiqi məqsədi ilə 2004-cü il noyabrın 24-də əhəmiyyətli addım atılmışdır. MHŞT üzrə Komissiya, yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminin həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalamışdır. Bununla da dünyada ilk dəfə Təşəbbüs həyata keçirilməyə başladı.
MHŞT Prinsipləri
1999-cu ilin dekabrından 2017-ci ilin avqust ayına qədər Azərbaycan Dövlət Neft Fonduna ümumilikdə 130 milyard dollardan artıq vəsait daxil olub. Hazırda Fondun aktivləri 35 milyard dollar təşkil edir. Yəni Fonda dövlətin mənfəəti və onun idarəçiliyindən əldə edilmiş qazancdan artıq 95 milyard vəsait xərclənib. Düzdür, Azərbaycan digər neft hasil edən ölkələrlə müqayisədə START vəziyyəti çox acınacaqlı olmuşdu: ölkə öz müstəqilliyini əldə edərkən ərazisində separatistlər tərəfindən destabilizasiyan yaradılmış. Sonradan bu münaqişə qonşu ölkənin hərbi təcavüzünə və Azərbaycanın öz torpaqlarının 20% üzərində bu günə qədər nəzarəti itirməsinə gətirib çıxartmışdı. 1 milyon qaçqın və köçkünün yerləşdirilməsi, gündəlik ehtiyaclarının ödənilməsi yönümündə ölkə 2006-cı ilə qədər – neft müqavilələri çərçivəsində ilk milyard dollar əldə edilənə qədər çox ağır bir yol keçmişdi.
“Azərbaycanın inkişaf yolu” adlandırdığı konsepsiya ilə, nə Qərbə, nə Şərqə, nə Şimala, nə Cənuba – meyl etmədən öz yoluyla gedir.
MHŞT TƏLƏBLƏRİ
MHŞT aşağıdakıları tələb edir:
Çoxtərəfli qrup tərəfindən səmərəli nəzarət.
2009-cu ildə Azərbaycanda MHŞT üzrə Qarşılıqlı Anlaşma Memorandumu (QAM) çərçivəsində daimi formada tətbiq olunan MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin inkişafı üzərində daha güclü və səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək niyyəti ilə Memorandumun tərəflərinin hər birindən (MHŞT üzrə Komissiya, xarici və yerli şirkətlər, QHT Koalisiyası) eyni hüquqa malik olan 3 əsas və 3-dək əvəzedici üzvdən ibarət olan Çoxtərəfli Qrup (ÇQ) yaradılıb.
MHŞT hesabatlarının vaxtlı-vaxtında nəşr edilməsi.
İndiyə qədər 2005-ci ildən başlayaraq 20 hesabat çap edib EİTİ (ilk illərdə hesabatlıq dövrü hər altı ayı əhatə edib). Əvvəllər hesabatların auditi, çapa hazırlanması və ictimaiyyətə təqdimatı ilə bağlı elə bir problem olmayıb. Problemlər sanki neftin qiymətinin aşağı düşməsindən qaynaqlanmağa başladı.
MHŞT hesabatları Azərbaycanda hazırlanan və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ən ağır hesabat formasıdır. Bunu hətta Hökumət Komissiyasının üzvləri də bir neçə hesabatın jurnalistlərə təqdimatı zamanı etiraf etməyə məcbur olmuşdular. Çox güman ki, bu səbəbdən də qavranılması çətinlik törədən bir hesabatın sonradan KİV-lər tərəfindən ictimaiyyətə çatdırılması özü də bir problemə çevrilir. Neft Fondu jurnalistlər üçün hətta iki dəfə treninqlər təşkil etsə də, görünür bunun bir effekti olmadı. Əsas məsələ, onun təqdim edilmə formasını dəyişməkdir.
2017-ci ilin ortasına Azərbaycanda artıq 15 əməliyyat şirkəti, SOCAR və bir birgə müəssisə (AzGerneft) hasilatla məşğul olur.
Bunlardan öz hasilatları ilə bağlı ictimaiyyətə mütəmadi yalnız 3 şirkət məlumat verir: SOCAR və ACG ilə Şahdəniz yataqlarının işlənməsi üzrə əməliyyat şirkətlərinin operatoru “BP-Azerbaijan”. SOCAR hər ay, BP isə rübdə bir dəfə Qərb standartlarına müvafiq olaraq.
Qiymətləndirmə
Qiymətləndirmə MHŞT prosesinin mühüm elementidir. O iki mühüm vəzifəyə xidmət edir. İlk əvvəl qiymətləndirmə ölkə daxilində dialoq qurulmasına və prosesin mənimsənilməsinə təkan verir, digər tərəfdən bu proses bütün MHŞT-ni tətbiq edən ölkələri eyni qlobal standart ətrafında birləşdirməklə MHŞT brendini qoruyur.
MHŞT üzrə ilkin tələblərə cavab verdiyinə görə, 2007-ci ilin sentyabrında Osloda keçirilmiş Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında Azərbaycan “MHŞT üzrə Namizəd” statusunu almışdır. İdarə Heyətinin qərarına əsasən, “MHŞT-nin Tamhüquqlu üzvü” statusunu almaq üçün “Namizəd” ölkələr Qiymətləndirmə prosesindən keçməlidirlər. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən bütün namizəd ölkələr üçün son müddət müəyyən edilmişdir və ölkələrin MHŞT statuslarının bu son müddətdə müəyyənləşdirilməsi razılaşdırılmışdır.
Qiymətləndirmə prosesi MHŞT-ni tətbiq edən ölkələrin Şəffaflıq Təşəbbüsü üzrə fəaliyyətləri zamanı əldə etdikləri irəliləyişlərinin qiymətləndirilməsini və daha yaxşı və sürətli irəliləyişə nail olmaq üçün onların hansı tədbirləri həyata keçirməsinin müəyyənləşdirilməsini təmin edir. Qiymətləndirmə MHŞT-nin Qiymətləndirmə Təlimatında müəyyən olunmuş Qiymətləndirmə cədvəlini (və əlaqədar Qiymətləndirmə Vasitələri Göstəricisi – bax: MHŞT standartı) istifadə etməklə müstəqil qiymətləndirici tərəfindən həyata keçirilir.
Qiymətləndirmə
MHŞT Nizamnaməsinin 14-cü bəndi (bax: MHŞT standartı) MHŞT üzrə İdarə Heyətinin Komitələrinin məqsədi və tərkibi haqqında ümumi olaraq bəyan edir :” MHŞT üzrə İdarə Heyəti xüsusi məsələlər üzrə komitələr yarada bilər. Belə komitələrin hər birinə iki və daha artıq İdarə Heyəti Üzvü və ya onların Əvəzediciləri daxil edilməli, və tərkibi mümkün qədər səmərəli olmalı, MHŞT Assosiyasiyasının çoxtərəfli təbiətinə uyğun qurulmalıdır.” MHŞT üzrə İdarə Heyətinin Komitələri İdarə heyətinin işini təşkil etməlidir. Bu adətən İdarə heyətinə tövsiyyələrin hazırlanması ilə həyata keçirilir.
İdarə Heyətinin Komitələri İdarə Heyəti adından qərar qəbul etmir. Komitələr İdarə Heyətinə MHŞT-nin tətbiqi, Qiymətləndirmə, siyasət və idarəetmə kimi xüsusi mövzularda məsləhətlər verir. Komitələr tele-konfranslar vasitəsilə əlaqə saxlayır və ya İdarə Heyətinin iclaslarında şəxsən bir yerə toplaşırlar. Komitələr yeni İdarə Heyəti seçildikdən sonra növbəti iki il üçün yenidən yaradılır. Qiymətləndirmə üzrə qəbul olunmuş bütün qərarlarda İdarə Heyəti ölkələrə müqayisəli yanaşmaya və MHŞT brendinin bütünlüyünün qorunub saxlanmasına olan ehtiyacı əsas götürür. Qiymətləndirmə Komitəsi MHŞT üzrə Qiymətləndirmənin keyfiyyətinin və ardıcıllığının qorunmasında müstəsna rol oynayır.
MHŞT üzrə İdarə Heyətinin adından və MHŞT Qaydalarına əsasən Qiymətləndirmə Komitəsi:
Tətbiq edən ölkələr tərəfindən hazırlanmış layihə qiymətləndirmə hesabatlarını nəzərdən keçirir
Tətbiq edən ölkələr tərəfindən hazırlanmış yekun Qiymətləndirmə hesabatlarını nəzərdən keçirir və MHŞT üzrə İdarə Heyətinə tövsiyələrini verir
Tətbiq edən ölkələrin Qiymətləndirmə üçün son müddətlərin uzadılması barədə ərizələrinə baxır və MHŞT üzrə İdarə Heyətinə tövsiyələrini verir
Qiymətləndirmə prosedurlarını nəzərdən keçirir və tövsiyələr verir
Dövlət Neft Fondunun İcraçı direktoru, Azərbaycanda MHŞT üzrə Komissiyanın sədri, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü Şahmar Mövsümov Qiymətləndirmə Komitəsinin üzvüdür.
Azərbaycan MHŞT üzrə ilk “Tamhüquqlu üzv” ölkədir.
MHŞT-nin tətbiqində lider ölkə olan Azərbaycan 2008-ci ilin martında Qiymətləndirmə prosesinə başlamış ilk ölkədir. Azərbaycanda qiymətləndirmə prosesini həyata keçirmək üçün Coffey International Development şirkətinin (IPAN və PKF-nin əməkdaşlığı ilə) rəhbərlik etdiyi konsorsium qiymətləndirici seçilmişdir. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycan üçün müəyyən edilmiş son müddət 9 mart 2010-cu il olsa da, Azərbaycanda MHŞT prosesinin tətbiqinin qiymətləndirilməsi bir il tez – 2009-cu ildə başa çatdırılmışdır. Coffey International Development şirkəti Azərbaycanda Qiymətləndirmə prosesinin nəticələrinə dair yekun hesabatını və müsbət rəyini MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təqdim etmişdir.
16-18 fevral 2009-cu il Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə 4-cü Beynəlxalq Konfransda
Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq ictimaiyyətə açıqlandığı və dərc edildiyi əsas götürülərək;
Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən Qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq;
Qiymətləndiricinin Azərbaycanda MHŞT prosesinin qiymətləndirilməsinə dair hesabatına əsaslanaraq
MHŞT üzrə Beynəlxalq İdarə heyəti Azərbaycanın MHŞT-nin “Tamhüquqlu üzv” statusunu təsdiq etdi. Bununla da, Azərbaycan MHŞT-ni tətbiq edən “Tamhüquqlu üzv” statusunu almış ilk ölkə oldu. Azərbaycanın “Namizəd” statusundan “Tamhüquqlu üzv” statusuna keçməsi MHŞT-nin tətbiqində mühüm mərhələdir.
2005-ci il martın 15-də MHŞT üzrə Komissiya müstəqil auditor olan ”Deloyt ənd Tuş” (Deloitte and Touche) şirkətinin yoxladığı ilk hökumət hesabatlarını açıqladı. Bu sənəd dünyada nəşr olunan bu tipli ilk hesabatdır.
Azərbaycanda MHŞT-nin tətbiqi dayanıqlı prosesdir. Azərbaycan hökuməti tərəfindən müntəzəm olaraq şirkətlərin hökumətə ödədiyi neft, qaz və mədən hasilatı üzrə bütün ödənişlər və eləcə də, hökumətin neft, qaz və mədən hasilatı ilə məşğul olan şirkətlərdən əldə etdiyi gəlirlər geniş ictimaiyyət üçün açıq, ətraflı və aydın şəkildə dərc edilir.
Qeyd edək ki, hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlər, o cümlədən, dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə cəlb olunublar. Hesabatlılıq mexanizmi: MHŞT hesabatlarını tutuşduran auditor şirkətlərinin seçim prosesi Çoxtərəfli qrup (ÇQ) tərəfindən aparılır. İlkin mərhələdə, müsabiqə haqqında bildiriş açıqlanır və ölkədə fəaliyyət göstərən beynəlxalq səviyyədə tanınmış və nüfuzlu auditor şirkətləri bu müsabiqəyə dəvət olunur.
Audit şirkətləri ilk öncə yalnız texniki göstəricilər üzrə məlumatları ÇQ iclasından 1 həftə əvvəl tanış olmaq üçün ÇQ-yə göndərir. Bundan sonra ÇQ iclasında üzvlərin iştirakı ilə maliyyə təklifləri daxil olan paketlər açıldıqdan sonra hər bir təklif (texniki və maliyyə) ayrıca olaraq bir neçə meyar üzrə qiymətləndirilir. Yekun qiymətləndirmə əsasında qalib şirkət müəyyənləşir. Həmin şirkətlə müqavilə bağlandıqdan sonra auditor şirkət ayrılmış müddət ərzində (hesabatlar mart ayının 15-dək təqdim olunmalıdır) şirkətlərdən və hökumətdən hesabatları alır. Şirkətlərdən daxil olmuş hesabatlar ümumiləşdirildikdən sonra hökumətin hesabatı ilə tutuşdurularaq müqayisə olunur.
Kənarlaşmalar qeydə alındığı halda auditor şirkət onu aydınlaşdırmaq məqsədilə tərəflərə müraciət edir və onların verdikləri izahat əsasında kənarlaşmaların şərhini hazırlayır. Yekunda Müstəqil Mühasiblər adından auditor şirkətinin rəyi (MMR) açıqlanır. Auditor şirkəti adından hazırlanan MMR ÇQ-nin İş planında nəzərdə tutulduğu dövrdə onun iclaslarında təqdim olunur. Rəy açıqlandıqdan sonra tərəflər bununla əlaqədar olaraq birgə press-reliz hazırlayaraq yayır. Hökumətin hesabatı və MMR Dövlət Neft Fondunun və MHŞT-nin internet səhifələrində yerləşdirilir.
Bundan sonra MSŞA Koalisiyasında formalaşmış Analitik Qrup tərəfindən Hökumətin hesabatı və MMR təhlil olunaraq 1 ay ərzində Koalisiyanın Alternativ Rəyi hazırlanır. Rəy ilk növbədə MSŞA Koalisiyasının Şura iclasında müzakirə edilib qəbul olunduqdan sonra ÇQ-nin iclasında MSŞA Koalisiyası adından təqdim olunur. Bu təqdimatda əsas diqqət MSŞA Koalisiyasının rəyində əksini tapmış tövsiyələrə yetirilir və hər bir tövsiyə üzrə MHŞT üzrə Komissiya üzvlərinin və Şirkətlər Qrupunun təmsilçilərinin mövqeyi səsləndirilir. Rəydəki irad və təkliflərə tərəflər münasibət bildirdikdən sonra onun əsasında növbəti hesabat dövrü üçün müəyyən təkliflər hazırlanır və yaxud da həmin təkliflərin hazırlanması və müzakirəsi üçün tərəflərin təmsilçilərinin iştirakı ilə İşçi qrup formalaşdırılır.
2012-ci ildən etibarən ayrı – ayrılıqda açıqlanan Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat, Müstəqil Mühasiblərin Rəyi və İctimai Birliklərin MSŞA Koalisiyasının Rəyini özündə cəmləşdirən vahid sənəd – MHŞT hesabatı dərc olunur. Hesabatda, həmçinin, ölkənin makroiqtisadi təhlili də öz əksini tapır.
MHŞT-nin Azərbaycanda tətbiqi üzrə hesabat
2012-ci ildən başlayaraq MHŞT-nin Azərbaycanda tətbiqi üzrə hesabatlar dərc olunur. Bu hesabatlar MHŞT üzrə 2011-ci ildə Parisdə keçirilmiş V Qlobal Konfransda qəbul edilmiş MHŞT üzrə Qaydalara əsasən dərc edilir.
MHŞT-nin Azərbaycanda tətbiqi üzrə dərc olunmuş ilk hesabat 2011-ci ili əhatə etmişdir. Hesabat Azərbaycanda ilk dəfə tərtib edildiyindən, 2011-ci ildə görülmüş işlərlə yanaşı sənəddə MHŞT-nin fəlsəfəsi, Azərbaycanda tətbiqi tarixi, ÇQ-nin fəaliyyəti, o tarixədək açıqlanmış 15 MHŞT hesabatının təhlili və əldə edilmiş nailiyyətlər barədə məlumatlar əks olunmuşdur. Hesabatda ÇQ üzvlərinin (MHŞT üzrə Komissiya, MSŞA Koalisiyası və Şirkətlər Qrupunun nümayəndələri) rəyləri də verilmişdir.
Nərgiz Cavadzadə
Tədqiqatın hazırlanmasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) saytında gedən məlumatlardan istifadə olunub
Yazı, Jurnalist Təşəbbüsləri Mərkəzinin Azərbaycan Respublikasının prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “hasilat Sənayesində Şəffaflıq prosesinin sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində hazırlanıb.