Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Tərtərdə qadınlar üçün məlumatlandırma sessiyası təşkil edib. Tədbir “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınlar arasında ictimai məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Goranboy rayon Gənclər Mərkəzində təşkil olunan tədbirdə 40 nəfər iştirak edib.
Tədbirdə giriş sözü ilə açan təşkilat sədri Sevil Allahverdiyeva layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edildiyini bildirib: “Layihənin məqsədi respublikamızda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının region sakinlərinə çatdırılmasıdır. Tədbirdə həmçinin HSŞ-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün zəruri olan tədbirlərlə bağlı məlumat veriləcək. Vətəndaşların bu sahədə məlumatlı olmasında dövlət də maraqlıdır. Çünki ictimai nəzarət nə qədər güclü olarsa şəffaflığın təmini də o qədər asan olar”.
Daha sonra məruzə ilə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Azər Mehtiyev Azərbaycanın dövlət büdcəsinin formalaşmasında hasilat sənayesindən əldə edilən gəlirlərin böyük rol oynadığını bildiridi.
Dünyanın təbii sərvətlərlə zəngin ölkələrinin təcrübəsindən danışan ekspert bu sərvətlərdən səmərəsiz istifadənin insanları yoxsulluğa sürüklədiyini qeyd edib: “Bu səbəbdən əksər ölkələr “resursların lənəti” sindromu ilə üzləşməmək üçün mədən hasilatından əldə olunan gəlirlər üzərində şəffaflığın təmin edilməsinə çalışır. Çünki təbii resurs gəlirlərində şəffaflıq ictimaiyyətin və ümumiyyətlə hər bir vətəndaşın məlumatlılığının, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsindən asılıdır. Azərbaycan da bu sahədə şəffaflığın təmin edilməsində maraqlıdır. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan ilk ölkələrdən biridir. Ölkəmiz 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2013-cü ildə isə MHŞT sahəsində yeni standart qəbul edildi. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunandan sonra, hökumət ölkənin MHŞT-ni tərk etdiyini bəyan etdi. Amma Azərbaycan MHŞT prinsiplərinə sadiq qalacağını elan etdi. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.
2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı ilə bağlı iştirakçılara məlumat verən eksperet sonda mövzu ilə bağlı onların suallarını cavablandırıb.