”Azərbaycanda inklüziv təhsillə bağlı hüquqi baza yoxdur”
Rəsmi məlumatlara görə Azərbaycanda 70 mindən çox 18 yaşına qədər əlilliyi olan şəxs var. Lakin onların əksəriyyəti təhsildən kənarda qalır.
Azərbaycan hökuməti 2004-cü ildən etibarən pilot layihələrə başlasa da, bu layihələr hələ işlək halda deyil və ekspertlər deyir ki, əlilliyi olan uşaqların əksəriyyəti inklüziv təhsildən kənardadır.
Azərbaycan Respublikası Prezidenti 2017-ci il 14 dekabr tarixində inklüziv təhsillə bağlı sərancam imzalayıb. Sərəncam 2018-2024-cü illəri əhatə edir. Sərəncamın gözləntilər bölməsində qeyd olunub ki, proqramın həyata keçirilməsindən sonra inklüziv təhsil hər kəs üçün əlçatan olacaq, cəmiyyət bu qanunlarla bağlı məlumatlandırılacaq. Lakin sərəncamın tətbiqindən bir il keçməsinə baxmayaraq, bu yöndə hansısa ciddi irəliləyişlər görünmür. Xüsusi ilə də inklüziv təhsil Bakıdan kənarda yaşayan əhali üçün əlçatan deyil.
“Uşağımın təhsili üçün Bakıya köçdüm”
Qazax rayon Çaylı kənd sakini olan Nərmin Nəbiyeva 2 övlad sahibidir. Onun hər iki övladının əlilliyi var. 12 yaşlı qızı eşitmə məhdudiyyətli olsa da, keçirdiyi əməliyyatdan sonra problemləri aradan qalxıb və hazırda da təhsil aldığı məktəbdə ən yaxşılardan biri sayılır. Lakin onun digər övladı, autizimdən əziyyət çəkən 9 yaşlı oğlu təhsil almaq yönündə böyük çətinliklərlə üzləşib.
Valideyni deyir ki, Qazax rayonundakı Çaylı kənd orta məktəbində uşağını qəbul etmək istəməyiblər: “Uşağımı məktəbə qəbul etmək istəmirdilər. Çox get-gəldən sonra razılaşdıq ki, uşağım 1-ci sinifi burada bitirsin, vaxtımız olsun ki, daha sonra başqa məktəb tapaq”.
Lakin Nərmin Nəbiyevanın problemləri bundan sonra da bitməyib. Məktəbdə oxuyan digər uşaqların valideynləri onun oğlunun autizimli olmasını başa düşməkdə çətinlik çəkiblər və şikayət etməyə başlayıblar.
“Onların autizm barədə heç bir məlumatı yox idi. Elə bilirdilər, bu, onların uşaqları üçün təhlükəlidir. Heç cür başa salmaq olmurdu ki, mənim oğlumun kiməsə ziyanı dəyməz, sadəcə bir qədər fərqli davranışları var. Məktəbin psixoloqu da bu barədə köməyimizə çatmırdı,” – deyə Nəbiyeva bildirib.
O, bundan sonra məcburən uşağını Bakı şəhərindəki 252 saylı məktəbə gətirib. Bu məktəb Azərbaycanda inklüziv təhsilin olduğu nadir məktəblərdən biridir. Övladları Bakıda təhsil aldığına görə onlar ailəlikcə Bakıya köçməyə məcbur olublar. Lakin Nəbiyeva qeyd edir ki, bu onlara çox böyük maddi və mənəvi çətinliklər hesabına başa gəlib:
“Bütün çətinliklərə baxmayaraq, uşaqlarımın təhsili üçün bunu etdim. Lakin elə insanlar var ki, bunu etməyə gücləri çatmır və onların uşaqları təhsilsiz böyüyür”.
“Pedoqoji kadrların çatışmazlığı var”
“2 il əvvəl araşdırmaya başladıq və məlum oldu ki, Azərbaycanda inklüziv təhsil səviyyəsi çox aşağıdır. Buna görə də ictimai vəkillik kampanyasına başladıq,” – deyə hüquq müdafiəçisi Aynurə Abdullayeva bildirir.
O, Azərbaycanda inklüziv təhsillə bağlı hüquqi bazanın olmadığını deyir: “18 yaşa qədər bu uşaqlar sağlamlıq imkanları məhdud olan insanlar adlanır. 18 yaşdan sonra isə qanunla onlar əlil adlandırılır. Azərbaycanda inklüziv təhsillə bağlı hələ də hüquqi baza, qanunlar yoxdur. Tibbi Psixoloji Komissiyanın rəyi əsasında həmin uşaqlar məktəbə götürülür. Bu da valideynlərə çətinliklər yaradır. Əgər qanun layihəsi olsaydı, uşaqların məktəbə götürülməsi də asanlaşardı və görülən işlər ardıcıl, nizamlı olardı. Hüquqi baza olmadığına görə bu problemlər yaranır”.
“Digər problem isə məktəblərin azlığıdır. 2004-cü ildən başlanan pilot layihə hələ də davam edir. Biz sorğu zamanı 4 pilot məktəbdən əlavə 6 məktəbin də inklüziv təhsil verdiyini bildik. Hazırda bu məktəblərdə təhsil alan uşaqların ümumi sayı 54 nəfərdir. Pilot məktəbləri ildə 4 uşaqdan artıq götürə bilmir. Uşaqlar məktəblərə götürülsə belə, pedaqoji kadrların çatışmazlığı var. Müxtəlif dövlərdə pedaqoji kadrlar hazırlansa da, bu, davamlı şəkildə olmayıb. Digər problem isə inklüziv təhsilin yalnız orta təhsildə mümkün olmasıdır. Orta məktəbi qurtardıqdan sonra ali təhsil almaqda çətinliklər var. Çox az fakültə bu təhsili dəstəkləyir. Dövlət bu sahədə maraq yarada bilər. Özəl sektora kvotalar ayıra və bununla da onların işləməsini təmin edə bilər,” – deyə Abdullayeva xüsusi qeyd edir.
Artıq 5 ildən artıqdır inklüziv təhsil pedaqoqu işləyən Gülnar Vəliyeva problemlərlə razılaşır. Lakin onu da qeyd edir ki, problemlər həm də cəmiyyətin məlumatsızlığından irəli gəlir:
“Bizdə sağlamlıq məhdudiyyəti olan insanlara qarşı ya həddən artıq biganəlik, ya da həddən artıq qayğı olur. Bu da, uşaqları ya cəmiyyətdən kənarlaşdırır, ya da ələbaxımlı edir. Xüsusilə də uşaqlarla münasibətdə diqqətli olmaq lazımdır. Onlara elə kömək etmək lazımdır ki, özləri də nələrsə etməyə həvəsli olsunlar”.
Təhsilsizlikdən yaranan işsizlik
Gülnar Vəliyeva inklüziv təhsildəki problemlərin həm də gələcəkdə onların işsiz qalması ilə nəticələndiyini, maddi durumlarına ciddi təsir etdiyini deyir:
“Əlilliyi olan uşaqlar üçün təhsil ikiqat vacibdir. Çünki onlar hansısa peşəyə sahib olduqdan sonra maddi olaraq müstəqil olurlar. Bu da onların daha rahat və güvənli yaşaması üçün üstünlüklər yaradır”.
Əlil uşaqlar üçün məktəb
Azərbaycanda əlilliyi olan insanların peşəyə hazırlığı üçün yalnız bir mərkəz var. Bu da hər kəs üçün əlçatan deyil. Əlilliyi olan şəxslərin işlə təminatı əsasən fərdi təşəbbüslər hesabına yaranır.
Sosial bizleslə məşğul olan Murad Məmmədov da bu fərdi təşəbbüslərdən birini həyata keçirib. O, ötən ilin sonlarında əlilliyi olan insanların işlə təmin edilməsi üçün sosial biznesə başlayıb. Sosial biznes bu insanların əl işlərinin satışından ibarətdir.
“Əlilliklə bağlı müxtəlif layihələr var. Amma bunların çoxu insanların həyatında dəyişikliklərə səbəb olmur. Adətən bu maarifləndirici səviyyədə qalır. Özüm də bu tip layihələrdə olduğum üçün bu məsələ hər zaman diqqətimi çəkirdi. İstəyirdim ki, əlilliyi olan insanlara həm də sosial xeyri olan layihə edim. Düşündüm ki, sosial biznes qurum. Heyətimiz əl məhsulları hazırlayır və biz bunun satışı ilə məşğul oluruq,” – Məmmədov deyir.
İnkişaf mərhələsində olan layihə 10-dan çox əlilliyi olan şəxsə maddi gəlir gətirib. Gələcəkdə bu sayın artacağı gözlənilir.
Məmmədov özü də uşaq yaşlarında yeriyə bilməyib və əməliyyatdan sonra yeriməyə başlayıb. Hesab edir ki, dövlətin əlilliyi olan insanlara dəstəyi önəmlidir. Lakin əgər yetərincə dəstək yoxdursa, buna görə həvəsdən düşmək olmaz:
“Çətin olsa da çalışmaq lazımdır. Biz başqalarına nisbətdə daha çox çalışmalıyıq. Əlilliyi olan insanlar, onların ətrafındakı doğmaları israrlı olduqca, bu problemlər də həllini tapacaq”.