İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb. Elə həmin gün, daha doğrusu, ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıb.
Bəlli olub ki, E.İsmayıllını DTX və Respublika Prokurorluğunun əməkdaşları həbs edib. O, həmin gecə İsmayıllı rayon polis idarəsində saxlanılıb. Onun kirayə qaldığı evdə axtarışı DTX və Pespublika Prokurorluğunun əməkdaşları aparıb. Evdən ona məxsus kompyuterlər, bəzi sənədlər və əşyalar götürülüb. Axtarışın Səbail məhkəməsinin qərarı ilə həyata keçirildiyi bildirilir.
18 fevralda səhər saatlarında DTX və Respublika Prokurorluğunun əməkdaşları Elçin İsmayıllını özləri ilə Bakıya gətiriblər. Elçin İsmayıllıya Cinayət Məcəlləsinin 182.2.2 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb və 18 fevralda onun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 24 sutka həbs qətimkan tədbiri seçilib. Elçin İsmayıllı hazırda Kürdəxanıda istintaq təcridxanasında saxlanılır.
E.İsmayıllı həm də siyasi fəaliyyətlə məşğuldur, AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür. AXCP-dən bildirilib ki, E.İsmayıllının ailəsinin verdiyi məlumata görə, onun həbsinin sifarişçisi İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdur. Ailəsinin bildirdiyinə görə E.İsmayıllını icra hakimiyyəti başçısının qanunsuz əməllərini ifşa edən yazılar yazdığına görə sifarişlə həbs ediblər.(azadliq.info)