Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq nazir və millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb.
BakuPost xəbər verir ki, bu barədə Xalq şairi özünün “Facebook” səhifəsində məlumat verib. Bildirib ki, A. Əsgərov onun təhsil aldığı məktəbdə şagirdlərlə cümhuriyyətlə bağlı görüşünə mane olmaq istəyib və bu, ciddi gərginliyə səbəb olub. Məsələyə Prezident Administrasiyası və Təhsil Nazirliyi qarışıb. Yüksək instansiyalar müdaxilə etdikdən sonra icra başçısı geri addım atmağa məcbur olub.
“Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bəhanələrinə, qadağalarına, rayon təhsil şöbəsi müdirinə və məktəb direktoruna gizli tapşırıqlarına və sair, ziyalıya, başçıya, nəhayət, normal insana yaraşmayan cəhdlərinə baxmayaraq, mayın 25-də Prezident Aparatının və Təhsil Nazirliyinin (onlara təşəkkürümü bildirirəm) müdaxiləsindən sonra məzunu olduğum doğma məktəbimizdə şagirdlərlə görüş keçirdim. Bu görüş cümhuriyyət bayramına və bizim məzunluğumuzun yubileyinə həsr edilmişdi, mühüm görüş idi. Lakin mənim üçün o görüş qədər önəmli olan başqa bir məsələ də yerində olmayan, səlahiyyətini və məsuliyyətini bilməyən, böyüyə, kiçiyə hörmət eləməyən və nəticədə özünü gülünc vəziyyətə salan başçıya yerini göstərmək, mədəniyyətin, səlahiyyətin, nəhayət, dövlətçilik tərbiyəsinin nə demək olduğunu anlatmaq idi. O, niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət, bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər, Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa-baxa vəzifəsini sürdürər?” – deyə, Xalq şairi bildirib.
S. Rüstəmxanlının sözlərinə görə, başçı bir həftə əvvəl görüşlə bağlı tərəddüdlü də olsa, müsbət fikirdə olduğunu dilə gətiribmiş: “Məni təəccübləndirən başqa bir şey də var. Bir həftə öncə görüşü icra başçısı ilə razılaşdırmağın vacibliyini mənə demişdilər və mən də başçıya zəng vurmuşdum. Bir az tərəddüdlə olsa da, “gəlin, məktəbdə görüş keçirməyinizə bir söz demirik” demişdi. Rayona çatan kimi yanına getmişdim. Onda da “olmaz!” deməmişdi. Anlaşılmayan da məhz budur: üzdə mənə “etirazımız yoxdur” deyib, arxada başqa tapşırıq vermək iyrənc işdir, ayıbdır və bir rayon böyüyünə yaraşmaz…”
Xalq şairi hər şeyə rəğmən görüşün yüksək səviyyədə keçdiyini vurğulayıb: “Lakin əsəblərimiz pozuldu. Ancaq ortada çoxlu suallar qaldı. Niyə bir şairin, bir ziyalının öz doğma məktəbində görüş keçirməsi Prezident Aparatı və nazirlik səviyyəsində həll olunmalı, niyə rayon başçısı bu işə qarışmalıdır? Bu, məktəbin, müəllimin öz işi, öz səlahiyyəti və öz məsuliyyətdir. Hər xırda iş gedib rəhbərlik səviyyəsinə çıxmalı deyil.
İkincisi, bu nadir nüsxəni hardan tapıblar və Yardımlı kimi işləyən başçıya ciddi ehtiyacı olan rayona niyə göndəriblər?
Nəhayət, şagirdlərin cümhuriyyət bayramı ərəfəsində öz sevdikləri qələm əhliylə görüşünü önləmək istəyən bir adam hansı dövlətçilik, idarəçilik şüurundan və yerli əhaliyə hansı hörmətindən danışa bilər?”