SABİQ NAZİR 50, APARATININ RƏHBƏRİ 36 MİLYON ÖDƏYİB! – Əli Abbasov həbsdən belə yayındı…
Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə istintaq dövründə 50 milyon manat pul ödəyib! Bu barədə “AzPolitika”ya mötəbər mənbə bildirib.
Məlumata görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra Rabitə Nazirliyi –red.) sabiq Aparat rəhbəri Vidadi Zeynalov isə 36 milyon geri qaytarıb. Buna görə də Bakı Apellyasiya Məhkəməsində Zeynalovun həbs cəzası birdən-birə 9 il azaldılaraq, 13 ildən 4 ilə endirilib. V.Zeynalovdan azadlığa çıxması üçün mənimsədiyi ehtimal olunan bütün vəsaiti – 70 milyonu geri ödəməsi tələb olunur.Vidadi Zeynalov bu qədər vəsaitin talanmasında iştirakını qəbul etməsə də, həmin pulu ödəmək üçün vaxt istəyib.
Qeyd edək ki, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıblar. İstintaq bu iş üzrə dəyən zərəri 153 milyon manat dəyərləndirmişdi. Buna görə Rabitə Nazirliyinin bir çox rəhbər şəxslərinə qarşı itihamlar irəli sürülsə də, nazirin məsuliyyətdən kənarda saxlanılması maraq doğururdu.
Halbuki, ilkin məlumatlarda Rabitə Nazirliyində dövlət vəsaitlərinin talananmasında Əli Abbasovun yaxınlarının birbaşa iştirakı haqda informasiyalar dövriyyəyə buraxılmışdı. Belə ki, Əli Abbasovun qaynı Elçin İbrahimovun “Qafqaz-S İnşaat” MMC vasitəsilə Rabitə Nazirliynin xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirdiyi, bunun da böyük hissəsinin mənimsənildiyi iddia edilirdi. Elçin İbrahimov da istintaqa ifadəsində bəzi faktları təsdiqləmişdi. Əli Abbasov özü iddiaları qəbul etməyib, sözügedən şirkətə hər hansı bir güzəşt edilmədiyini bildirsə də, Vidadi Zeynalov məhkəmədə demişdi ki, “Qafqaz S İnşaat” MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi”.
Bunda əlavə sabiq nazir ifadəsində özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirməklə, dolayısıyla dövlət vəsaitinin talanmasında iştirak etdiyini etiraf etmişdi. Buna baxmayaraq, istintaqın yekununda nə nazirə, nə də onun yaxınlarına qarşı konkret ittihamlar irəli sürülmədi.
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bunun səbəbinə müəyyən qədər aydınlıq gətirmişdi. O, proseslərin birində Əli Abbasovun 7 milyon pul ödədiyini bildirmişdi: “Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016-cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb”.
Ancaq “AzPolitika.info”ya verilən məlumatlardan belə məlum olur ki, bu məbləğ dəfələrlə çox olub – Əli Abbbasova 50 milyon ödədiblər!
Vidadi Zeynalova gəldikdə isə, qeyd edək ki, onunla bağl istintaq materiallarında bildirilirdi ki, qulluq mövqeyindən sui-istifadə edərək,yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə, müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Yəni, Zeynalov 73,5 milyonun mənimsənilməsində ittiham edilirdi.
Bununla belə, məhkəməyə göndərilən materiallarda istintaq orqanı Vidadi Zeynalovun ümümi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğunu hesablamışdı. Birinci məhkəmə instansiyasının qərarından əvvəl bunun 3 milyona qədərini ödəyən Zeynalovun işinə Apellyasiya Məhkəməsində baxılmazdan öncə dövlətə vurduğu ziyanı tam ödədiyinə dair məlumat yayıldı.
Məhz bunu nəzərə alan Apellyasiya Məhkəməsinin də Zeynalovun həbsini birdən-birə 9 il azaldaraq 13 ildən 4 ilə endirdiyi, həmçinin təxminən 50 milyon qiymətləndirilən 67 daşınmaz əmlakın üzərinə qoyulan həbsi götürdüyü bildirildi.
“AzPolitika.info” verilən məlumata görə isə Vidadi Zeynalovun cəzasının birdən-birə bu qədər endirilməsinin və əmlakları üzərindən həbsin tam götürülməsinin səbəbi onun daha böyük vəsait qaytarması ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, sabiq Aparat rəhbərinin dövlətə vurduğu ziyana görə 36 milyon qaytardığı bildirilir. Ancaq ondan 70 milyon ödəmək tələb olunur. Əmlaklarının da üzərindən həbsin buna görə götürüldüyü, sataraq və ya girov qoyaraq dövlətə vurduğu ziyanı geri ödəməsinə şərait yaradıldığı bildirilir.
Qeyd edək ki, BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon ziyanı tam ödədiyi halda, cəzasının daha az – 13 ildən 7 il 6 aya endirilməsi də, Vidadi Zeynalovun daha böyük ödənişlər etdiyini göstərir. Belə görünür ki, tələb olunan vəsaiti ödəyərsə Vidadi Zeynalov da dərhal azadlığa buraxılacaq.
Qeyd edək ki, Azərbaycanda son vaxtlar cinayətlə məşğul olan, dövlətə 10 milyonlar, hətta 100 milyonlarla ziyan vuran şəxslərin bir müddət sonra taladıqlarının müəyyən hissəsini qaytararaq azadlığa çıxması praktikası geniş yayılmaqdadır. Bu da vəzifəli şəxslərə rahat talançılıqla, cinayətlə məşğul olmaq imkanı verir. “Tutulsam, yığdığımın bir hissini qaytarıb çıxacam” fikrini formlaşdırır.
Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki son çıxışında bunun yolverilməz olduğunu bildirib. O, deyib ki, büdcə vəsaitlərini talayan şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir: “Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir”.