Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ-ın rusiyalı milyarderlərə yeni sanksiyalar qoyacaq

Birləşmiş Ştatlar Rusiyaya yeni sanksiyalar qoymağı və bu dəfə prezident Vladimir Putin-ə yaxın milyarderləri hədəfə almağı planlaşdırır. Bu haqda media yazır.

“Reuters” və “The Washington Post” anonimlik şərtiylə danışan ABŞ rəsmilərinə istinadla yazıblar ki, bir neçə rusiyalı milyarderə Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq sanksiya tətbiq ediləcək.

“The Post” sanksiyalara adları yanvarda Xəzinədarlıq Departamentinin açıqladığı siyahıda olan varlı şəxslərin məruz qalacağını qeyd edib. Həmin siyahıda Rusiyanın Gazprom nəhənginin rəhbəri Aleksei Miller, Rosneft dövlət neft şirkətinin rəhbəri Igor Sechin-in adları vardı.

“Reuters” yeni sanksiyaların aprelin 5-də, “The Post” isə aprelin 6-da açıqlana biləcəyini xəbərləyib.

“YETƏRİNCƏ BƏDƏL ÖDƏTDİRMƏMİŞİK”

Sonuncu dəfə sanksiyalar martın 15-də 19 fərdə və 5 təşkilata tətbiq edilmişdi. Onların içində Rusiyanın kəşfiyyat xidmətləri də vardı. O zaman ABŞ Maliyyə Nazirliyi seçkiyə müdaxiləni və son iki ildə Birləşmiş Ştatlara kiberhücumları əsas gətirmişdi.

Konqres prezident Donald Trump administrasiyasını Rusiyanı seçkiyə iddia olunan müdaxiləsinə görə çox az cəzaıandırmasına görə tənqid edir.

“The Post” yazıb ki, Trump-ın milli təhlükəsizlik müşavirləri son vaxtlar Rusiyaya qarşı daha çox sanksiya tələb ediblər. Səbəb də İngiltərədə rusiyalı keçmiş casusun zəhərlənməsinə görə Rusiyanın məsul tutulmasıdır.

ABŞ-ın milli təhlükəsizlik müşaviri postundan getməkdə olan H.R. McMaster bu həftə deyib ki, Moskvaya “yetərincə bədəl ödətdirə bilməmişik”. Ancaq həmin açıqlamadan bir neçə saat öncə Trump deyirdi ki, “Rusiyaya qarşı heç kim mənim kimi sərt davranmayıb”.

Seçkiyə müdaxilə iddiaları ucbatından ABŞ-Rusiya münasibətləri son vaxtlar xeyli kəskinləşib. Moskva həm bu, həm də keçmiş casusun sinir qazıyla zəhərlənməsində əli olmasıyla əlaqədar deyilənləri təkzib edir.

Martın 26-da Birləşmiş Ştatlar və digər Qərb ölkələri 150 rusiyalı diplomatın qovulmasıyla bağlı planlarını açıqlayıb. Moskva buna Qərb diplomatlarını qovmaqla cavab verib.

Kremlə qarşı tədbirlərdən dolayı Rusiyanın Vaşinqtondakı səfiri Anatoly Antonov bu yaxınlarda deyib ki, Birləşmiş Ştatların paytaxtında “zəhərli mühit” hökm sürür.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir