ABŞ-ın Bloomberg agentliyi ölkə iqtisadiyyatının və banklarının ağır iqtisadi durumundan bəhs edən yazı dərc edib. Məqalədə deyilir:
Keçən il 2 devalvasiya nəticəsində dollar qarşısında iki dəfədən çox dəyər itirməsinə baxmayaraq, manat hələ də öz həqiqi məzənnəsini tapmayıb. Fakt odur ki, yanvar ayında neft bazarlarındakı krizisdən sonra manat ən pis ayını yaşayıb.
Azalan neft dollarları iqtisadiyyat və bankların valyuta ehtiyaclarını qarşılaya bilmədiyi üçün post-sovet ölkələri arasında üçüncü ən böyük neft ixracatçısı valyuta bazarında balansı qoruyub saxlaya bilmir.
“Manatın stabilliyi üçün fundamental əngəl ölkədə dollarizasiyanın hələ də yüksək olmasıdır”, Moskvada yerləşən ING Qrupun baş iqtisadçısı Dmitri Polevoy deyib.
Manat dollar qarşısında 4 ay ardıcıl dəyər qazandıqdan sonra iyun ayında yenidən 3.8 faiz ucuzlaşıb. Rus rublunun 4.3 faiz dəyər itirməsini nəzərə almasaq, bu, post-sovet ölkələri arasında ən pis nəticədir.
Manata inamı bərpa etmək Azərbaycan üçün prioritetə çevrilib. ING Qrupun dəyərləndirməsinə görə, bank depozitlərinin 70 faizi xarici valyutada saxlanılır. 2015-ci ilin yanvar ayında bu göstərici 51 faiz idi. S&P Qlobal Reytinqin məlumatına görə,2016-cı ilin axırına xarici valyutada denominasiya edilmiş kreditlərin payı yarıdan çoxdur. Bu, iki il əvvələ nisbətdə 2 dəfə pis göstəricidir.
Manatı dəstəkləmək üçün valyuta ehtiyatlarının üçdə ikisini xərclədikdən və uçot dərəcəsini bu il 2 dəfə artırdıqdan sonra Mərkəzi Bankın müdaxilə üçün çox məhdud imkanları qalıb. Mərkəzi Bank həftə ərzində iki dəfə hərraclarda 50 milyon dollar təklif edib. Mart ayında isə Mərkəzi Bank ölkənin ən böyük borcverəni Beynəlxalq Banka 500 milyon dollarlıq depozit yerləşdirib.
Ancaq bütün bunlar da yetərli deyil. Bankların xarici borclarını ödəməsi üçün onların valyuta tələbini qarşılamaq lazım gələcək. Təkcə Azərbaycan Beynəlxalq Bankının növbəti 12 aya 386 milyon dollar borc öhdəliyi var. S&P ölkənin bank sistemini ikinci ən yüksək risk kateqoriyasına aid edib.
“İnflyasiyanı cilovlamaq və manata tələbi artırmaq üçün sərt pul siyasəti yeritmək gərək olacaq”, Beynəlxalq Valyuta Fondu Azərbaycana iyun səfərindən sonra açıqladığı hesabatda bildirir. “Artıq ölkə kreditorları ilin ilk 4 ayında xarici öhdəliklərini 21 faiz ixtisar edib”, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin analitiki Samir Əliyev deyib.
“Manata olan təzyiqi azaltmaq üçün Mərkəzi Bank valyuta bazarına müdaxiləni davam etdirməlidir. Mərkəzi Bank öz valyuta rezervlərini qorumağa çalışır, ancaq bu, uzun müddət belə davam edə biməz. Neft Fondu iqtisadiyyatın dollar tələbatını tam təmin edə bilməyəcək”, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.