İran və Azərbaycan Bakıda sənaye parkında birgə əczaçılıq müəssisəsinin yaradılması üzrə işləri sürətləndirməyi planlaşdırır.
Bunu Trend-ə İran səhiyyə nazirinin müavini İrac Hərirçi deyib.
İ.Hərirçinin sözlərinə görə, bu məsələ İranın səhiyyə naziri Həsən Qazizadə Haşiminin aprelin 19-da Azərbaycana səfəri zamanı müzakirə olunacaq: “Birgə əczaçılıq müəssisəsinin yaradılması qərarı İran prezidenti Həsən Ruhaninin bir neçə gün əvvəlki səfəri zamanı bir daha təsdiq edildi”.
İ.Hərirçi deyib ki, tərəflər dərman istehsalı üzrə birgə müəssisəsinin yaradılması, müalicə sahələrində, eləcə də hər iki ölkənin tibb universitetləri arasında əlaqələrin yaradılması istiqamətində əməkdaşlığı genişləndirmək barədə razılıq əldə edib.
Qeyd edək ki, 2017-ci ilin yanvarında Bakının Pirallahı rayonunda “Caspian Pharmed” Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.