Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Yol terroru davam edir – Daha 2 məktəblini maşın vurdu

Bu gün səhər saatlarında Göygöldə iki məktəblini maşın vurub. Rayonun Yeni Qızılca kəndində yolu keçmək istəyən iki məktəbli – 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu məktəbin qarşısında avtomobili yüksək sürətlə idarə edən sürücünün törətdiyi cinayətin qurbanlarıdır. Onların müxtəlif dərəcədə xəsarətlər aldığı və vəziyyətlərinin kafi olduğu bildirilir. Qəzanı törədən sürücü isə avtomobillə hadisə yerindən qaçıb.

Piyadaların vurulması hallarının hər gün baş verdiyi ölkədə xüsusən məktəblilərin vurulması hallarının son vaxtlar artması ciddi narahatlıq doğurur. Belə ki, ötən gün martın 6-da Abşeronda 3 məktəblini maşın vurmuşdu. Ceyranbatan qəsəbəsində hazırlıqdan çıxan 11-ci sinif şagirdləri yolu keçən zaman “BMV” markalı avtomobil tərəfindən vurulub. Şagirdlərin 1№-li tam orta məktəbdə təhsil aldıqları bildirilib. Yaralanan 3 gəncdən Aygün Rufullayeva və Nəzrin Canbirova ayağından xəsarət alıb. Xədicə Məmmədzadə isə başından travma alıb .
Sabirabad rayonun Şıxsalahlı kəndində 2007-ci il təvəllüdlü Səringül Rafiq qızı Rami səhər saatlarında məktəbə gedərkən “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Məktəbli qız kəllə-beyin travması ilə sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır qiymətləndirilir.
Beləliklə, cəmi iki gün ərzində 6 məktəbli avtomobillə vurulub. Virtualaz.org dəfələrlə məktəblərin əksəriyyətinin qarşısında yerüstü və yeraltı keçidlərin yoxluğu problemini gündəmə gətirib. Əksər məktəblər yolun kənarında, nəqliyyatın sıx olduğu ərazidə yerləşdiyindən, hətta bir çoxunun qarşısında işıqfor belə qoyulmadığından burada təhsil alan şagirdlərin həyatı təhlükə ilə üz-üzə qalır. Günün pik saatlarında, yollarda hərəkət intensivləşəndə sürücülərin çoxu məktəblərin qarşısındakı piyada zolaqlarına məhəl qoymurlar. Bəs ardı-arası kəsilməyən bu cinayətləri, yol qəzaları yox, məhz insanların həyatını və təhlükəsizliyini ciddi risk altında qoyan cinayətkarcasına səhlənkarlığı necə önləmək olar?
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov virtualaz.org-a açıqlamasında bunun üçün xüsusi dövlət proqramına ehtiyac olduğunu deyir.
“Bu çox geniş mövzudur və bu istiqamətdə kompleks işlər görülməlidir. Spontan, situasiyadan irəli gələn hərəkətlər heç bir nəticə verməz. Məsələn, ağac aşdı, tez onu gedib yerindən götürək. Bu iş deyil, bura genişmiqyaslı və müxtəlif istiqamətli yanaşma lazımdır. Məsələn, təhsil sahəsində, səhiyyə sahəsində, DYP-nin işi sahəsində, sürücü hazırlığı məsələsində, nəqliyyat-yol infrastrukturunun yaxşılaşdırılması sahəsində, hətta insanların ümumi-mədəni səviyyəsi sahəsində işlər görülməlidir. Məqsəd, hədəf insanların hazırda mövcud olan müəyyən sosial dəyərlərə, o cümlədən, ictimai davranış, təhlükəsizlik, birgəyaşayış qaydalarına münasibəti, dünyagörüşünün dəyişdirilməsi olmalıdır. “Yol təhlükəlidir, ora çıxmayın, sizi vurarlar” demək azdır. Yanaşmalar dəyişməlidir”-Ərşad Hüseynov bildirir.
Ekspert həmçinin deyir ki, piyada vurulmalarının qarşısının alınması ilə bağlı itədbirləri dünyanın müxtəlif ölkələrində 90-cı illərdən etibarən xüsusi proqramlar çərçivəsində görüblər.
“Hətta hərəkət təhlükəsizliyi yüksək olan ölkələrdə bu iş 70-ci illərdən, yəni 40-50 il əvvəldən başlanıb. 90-cı illərdə ikinci mərhələ başlanıb və həmin avxtdan artıq Birləşmiş Millətlər Təşkilatı da bu işə qoşulub. 70-ci illərdə Qərbi Avropada, Yaponiyada avtomobilləşmə yüksək olan ölkələrdə lokal işlər görülübsə, 90-cı illərdən dünya səviyyəsində iş başlanıb. Bizim ölkə isə bu məsələlərdə geri qalır. Belə komplesk tədbirlər görülməli və dövlət proqramı hazırlanmalıdır ki, dediyimiz acı mənzərələr olmasın”, – deyə ekspert bildirir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir