Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Elmar Hüseynovun qətlindən 13 il keçir

Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 13 il keçir. Bu gün bir qrup jurnalist mərhum redaktorun məzarını ziyarət edib.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Onun qətlindən 13 il keçməsinə baxmayaraq, hələ də qətlin sifarişçiləri tapılmayıb, qətli həyata keçirən şəxslər isə elan edilsə də, Gürcüstandan Azərbaycana gətirilməsi istiqamətində işlər aparılmayıb.

Turan Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Elmar Hüseynovun qətli media üçün yeni ağır dövrün başlanğıcını qoyub.

“2005-ci ildən sonra azad medianın qapadılması, jurnalistlərin təqibi, oğurlanması, həbsi, media və jurnalistərin ələ alınması, məhkəmələrə çəkilməsi, iqtisadi təzyiqlər, bir sözlə, medianın üzərinə hakimiyyətin yürüşü başladı. Bu yürüş hələ də davam edir”, deyə o qeyd edib.

M.Əlieyev deyib ki, Elmar Hüseynov yazılarında həmişə hakimiyyətə medianı, cəmiyyəti təqib siyasətindən geri dönməsini çatdırırdı.

“Elmar yazırdı ki, hakimiyyət açıq və xalqın xeyrinə siyasət aparmalıdır. Təəsüf ki, onu eşitmədilər və bu gün Azərbaycan belə böhranlı vəziyyətə gəlib çıxdı. Böhran yalnız iqtisadiyyatı deyil, sosial, mənəvi, ictimai, demək olar ki, bütün sahələri əhatə edir. Bu, real durumdur”.

M.Əliyevin fikrincə, hakimiyyətin təqib siyasəti nəticəsində medianın əxlaqı dəyişib.

Hakimiyyət medianı tam nəzarətə götürəcəyinə və idarə edəcəyinə inanırdı. Amma nəticə budur ki, informasiya məkanı hakimiyyət tərəfindən itirilib. Keyfiyyətli, ənənəvi media sıradan çıxarılıb, ortada söyüş və təhqir qalıb. Media məkanına bu əxlaqı hakimiyyət gətirib. Bu, çox pis bir tendensiyadır. Hazırda hakimiyyətin özü də bilmir buna qarşı necə mübarizə aparmaq lazımdır. Təəssüf ki, bu siyasətin başında duran ideoloqlar hələ də medianı idarə etməyə cəhd göstərirlər”.

Turan-ın direktoru hesab edir ki, hakimiyyət medianın təqibi savaşını artıq uduzub.

“Hakimiyyət bu savaşı artıq uduzub. Bu, Elmarın ideyasının qələbəsidir. Hər şey yaxşılığa doğru gedəcək, ölkədə hər şey dəyişəcək. Hazırda vəziyyət anormaldır. Anormallığın isə gələcəyi yoxdur”, deyə o qeyd edib.

“Xural” qəzetinin baş redaktoru, keçmiş vicdan məhbusu Əvəz Zeynallının fikrincə, Elmar Hüseynov müasir Azərbaycan mediasının böyük simalarındandır.

“Elmar ölümü ilə də Azərbaycanda azad mediaya xidmət edib”, deyə o qeyd edib.

Əvvəlki illərdən fərqli olaraq, bu gün Elmar Hüseynovun məzarının ziyarətinə çoxsaylı media ictimaiyyəti və siyasi, ictimai xadimlər gəlməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir