Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Əli Həsənov vaxtından əvvəl sevinib

İtaliyalı deputat Luka Volontenin üzərindən ittihamın götürülməsi ilə bağlı Milli Məclisin deputatı Elxan Süleymanlının və prezidentin köməkçisi Əli Həsənovun sevinci vaxtından əvvəl oldu.

Belə ki, italiyalının üzərindən pulların yuyulması ittihamı götürülüb, korrupsiya ittihamı isə qalır. Bu barədə araşdırmaçı jurnalist, beynəlxalq jurnalist araşdırmaları şəbəkəsinin (OCCRP) üzvü Xədicə İsmayılova Facebook səhifəsində yazıb.

Luka Volonte Avropa Sabitlik Təşəbbüsü beynəlxalq QHT-nin araşdırdığı “kürü diplomatiyası” qalmaqalının fiqurantıdır.

O, Azərbaycandan 2,3 mln. avro almaqda ittiham olunur. Həmin vəsait 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatın baş tutmaması məqsədilə bir sıra AŞPA deputatlarıın ələ alınmasına sərf edilib.

2016-cı ildə Milan prokurorluğu L.Volonteyə qarşı təhqiqata başlayaraq ona ittiham irəli sürüb.

Ancaq bu günlərdə Milli Məclisin deputatı Elxan Süleymanov, onun ardınca isə prezidentin köməkçisi Əli Həsənov sevinclə bildiriblər ki, L.Volontenin üzərindən bütün itihamlar götürülüb.

Lakin bu gün X.İsmayılovanın yazdığı kimi, L.Volontenin üzərindən ancaq pulların yuyulması ittihamı götürülüb. Bu o deməkdir ki, məhkəmə L.Volontenin Azərbaycan hökumətinə yaxın adamlardan alınan pulları yuyulduqdan sonra qaytarmadığını təsdiqləyib. Rüşvət almaq ittihamı isə qalır. Həmçinin L.Volontenin deputat toxunulmazlığı götürülüb, X.İsmayılova yazıb.

“Bu, dəhşətli piardır. Jurnalistləri hədələməklə və məhkəmə haqqında yalan söyləməklə xarici KİV-lərə də rüşvət barədə xatırlatdılar, Azərbaycan və Avropa Şurasındakı korrupsiya haqda danışmağa səbəb oldular. Bu, çox qeyri-peşəkarcasına edildi”, – X.İsmayılova E.Süleymanov və Ə.Həsənovun bəyanatları ilə bağlı bildirib.

L.Volonteyə qarşı korrupsiya ittihamının qalmasını onun vəkilləri də təsdiqləyiblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir