Fevralın 6-da Bakının Xətai rayonunda “Radioquraşdırma” zavodunun yaxınlığında yerləşən “Üfüq” İstehsalat Birliyində baş vermiş partlayışın səbəbi hələlik məlum deyil. Müəssisənin aid olduğu Müdafiə Sənayesi Nazirliyinin məlumatından belə görünür.
“Partlayış 120 kv. metr yardımçı sahədə yanğın zamanı baş verib”, – məlumatda deyilir.
Mənbənin xəbərinə görə, həmin yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.
Öz növbəsində FHN-in məlumatında deyilir ki, yanğın sahəsi 240 kv. m. olan pirotexniki vasitələr anbarında baş verib.
Qeyd edək ki, bu, son illər müdafiə sənayesi və hərbi obyektlərdə baş verən ilk hadisə deyil.
Belə ki, 2016-cı ilin iyulunda Şirvanda silah zavodunda güclü partlayış baş vermişdi. Nəticədə bir neçə nəfər həlak olub, 20-dən çox adam yaralanmışdı.
Bəzi məlumatlara görə, partlayış hazır məhsulların anbarında yüklərin boşaldılması zamanı baş vermişdi.
2017-ci ilin avqustunda Xızı rayonunda hərbi sursatlar zavodunda güclü partlayış baş vermişdi. Nəticədə ölən və yaralananlar olub. Ətrafdakı evlərə, təsərrüfat tikililərinə və digər obyektlərə ziyan dəyib.
Partlayışlar nəticədində Bakı-Quba avtomobil magistralı bağlanmışdı. Yaxınlıqdakı qəsəbələrin əhalisi evakuasiya edilmişdi.