Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Sement mafiyasıyla niyə bacara bilmirlər?

Qaradağda gizli sexlər, 2 Anar və təhlükədə olan tikililər…

 

Məşhur lətifəni yəqin xatırlayırsınız. Bina uçur. Tikinti materiallarını bir-bir sorğu-sual edirlər. Növbə sementə çatanda, and-aman edir ki, mən ümumiyyətlə, həmin binada olmamışam. Azərbaycanın hazırkı sement bazarında indi elə markalar var ki, tikintidə olmasalar yaxşıdır… Amma təəssüf ki, bölgələrdə tikintilər elə “olmayan sementlə” aparılır…
Neçə müddətdi ki, bazarda saxta sementlərin olmasına dair qalmaqallı məlumatlar yayılır. Dövlət orqanından icazəsiz, keyfiyyətə dair sertifikatsız, saxta sementlərin bazarı ağuşuna aldığı deyilir. Adamın inanmağı gəlmir, bu cür strateji məhsulu qeydiyyatsız-filan necə istehsal etmək olar? Qanunsuz istehsalı və satışı necə gizli həyata keçirirlər? Araşdırmalarımız göstərir ki, bu işlər heç də gizli həyata keçmir, əksinə, açıq-aşkar, necə deyərlər, günün günorta çağı baş verir, özü də lap elə Bakı şəhərində.

Bakının mərkəzindən çox yox, 25-30 km aralıda əməlli-başlı dərəbəylikdi. Hər addımbaşı sement “zavodları”… Əslində, özlərinə “zavod” adı qoyan bu istehsal yerlərinə heç normal sex də demək olmaz. Heş düz-əməlli binası, tikilisi yoxdur, hüquqi ünvanları, müasir texnologiyası, avadanlıq və leqal səndələşmə, normal iş şəraitindən danışmağa dəyməz. Nə laboratoriyaları var, nə də hansısa sınaq metodları. Elə bil, orta əsrlərdi. Cəhənnəm zəbanilərini xatırladan bir neçə fəhləni sanki qul bazarından tapıb gətirirmiş kimi işlədirlər. Nə əmək müqavilələri var, nə də hansısa sığortaları. Kimdi bunlar, kimlərin himayəsi altındadır, bilinmir. Amma onların istehsal etdiyi sementlər bazarlardadır, Azərbaycanın tikinti bazarında.

Qaradağın sement vadiləri…

Bakı-Ələt yolunun 25-ci kilometrliyindən sağa burulursan, körpünün üstündən yenə sağa, ucsuz-bucaqsız biyabanlıqdı. Kölgələnməyə bircə ağac belə yoxdur. Adama elə gəlir ki, sanki cəhənnəmdəsən. Göydən od tökülür, yer qır qazanını xatırladır. Bir qədər aralıda isə sıradan bir tikinti görünür. Ayırd eləmək mümkün deyil, nədir, burada nə işlə məşğul olurlar. Gözdən-könüldən uzaq bir yer. Və təsadüfən seçilməyib bura. Burada, bu “dərənin xəlvət olduğu yerdə” sement istehsal edirlər. “Qaradağ-EZ SPEAK” MMC adlı müəssisə. İçəridə sizi cəhənnəm zəbanilərinə oxşayan 3-4 nəfər qarşılayacaq. “Burda nə işlə məşğulsuz” sualına – birağızdan “sement buraxırıq” cavab verirlər. “Nə sementi…?” – sual ağzında qalır. Məlum olur ki, burada istənilən sement markasını almaq olar. Yəni, “Qaradağ-EZ SPEAK” MMC istənilən sementi istehsal edə bilir. Maraqlıdır ki, bu necə olur? Çox sadə: Açıq halda sementi dəyirmandan keçirib, müxtəlif markadan olan kisələrə doldururlar. Burada saxtalaşdırılan “sement markaları”na qayıdacağıq. Hələlik isə bu “sement zavodunda” işlə tanış olaq. Ərazidə, sexin içində bizi qarşılayan adamlardan əmək müqaviləsi, əmək haqqı barədə soruşuruq.

– Nə müqaviləsi? Sement satılanda pulumuzu alırıq da…

Deyəsən, rəhbərliklə işçi arasında müqavilənin zəruriliyinə dair ilk dəfədir eşidirlər, ona görə də gözləri bərələ mənə baxırlar.

Heç birinin əmək müqaviləsi yoxdur. 300-400 manata səhərdən axşamacan günün altında sement istehsalıyla məşğuldurlar. Yəqin ki, bütün bunlardan Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin xəbəri yoxdur. Burada işçilərin təhlükəsizliyi, sanitariya qaydaları-filandan danışmaq belə gülüş doğurar…

“Qaradağ-EZ SPEAK”-da istehsal olunan sement isə, elə yuxarıdakı lətifəni xatırladır, məncə. Təsəvvür edin, sıradan, kustar üsulla hazırlanmış aqreqatlarla, dəyirmanlarla respublikanın sement bazarına hər gün yüz tonlarla sement daxil olur. Əsasən də rayonlara. Çünki Bakıda bazara nisbətən nəzarət var, əhali markaları, kisəni ayırd edir. Rayonlarda isə istehlak bazarına nəzarət praktiki olaraq yox səviyyəsindədir. İnsanlar bəzən ucuz qiymətə aldanaraq istifadə üçün “Qaradağ-EZ”-in istehsal etdiyi “Qaradağ-AA” sementlərinə üz tuturlar.

Müəssisənin həyətində gəzərkən məlum oldu ki, sementin istehsal prosesinə adi bir fəhlə nəzarət edir. Nə laboratoriyası var, nə də ixtisaslı mütəxəssisi. Sementin 300, 400, 500 markası yoxlanılıb və standarta cavab verməlidir. Amma kim yoxlasın, necə yoxlasın? Əslində bunları yoxlayası dövlət qurumları var və bunu etməlidir. Amma görünür “dərənin xəlvət olduğu yerdən” onların da xəbəri yoxdur. Bu “Qaradağ vadisində”ki sement zavodunun sahibi Anar Ağayev adlı şəxsdir. Ordakı işçilər də A.Ağayevi “xozeyin” adlandırırlar. Dediyim kimi, orta əsrlər qaydası ilə. “Xozeyin burda deyil, biz fəhlə adamıq, standatr-zad bilmirik, işimizi görürük” – deyirlər. Xozeyinin telefonunu verirlər. Zəng vurub, bu “cəhənnəm vadisində” sement istehsalı ilə bağlı suallara cavab almaq istəyirik. Burada hansı sement markaları istehsal edilir, sement istehsalına icazə, uyğunluq sertifikatı varmı, laboratoriya niyə yoxdur, sementin keyfiyyətinə kim nəzarət edir, ümumiyətlə, bu istehsaldan hökümətin xəbəri varmı? Suallar çoxdur. Ancaq “xozeyin” A.Ağayev əvvəlcə bu suallara toxunmamağı tələb etdi, sonra sənədlərinin olduğunu, daha sonra isə mətbuatı saymadığını deyib əlaqəni kəsir…

Məhkəmə qərarını saymayan Anar “xozeyin”…

Hə, bu yerdə artıq xatırlatmanın vaxtıdır, məncə.Bu Anar Ağayev son həftələr KİV-də kifayət qədər məşhurlaşıb axı. Saxta sement istehsalına görə məhkəməyə verilən şəxs elə bu Anar “xozeyin”dir.

Bir qədər əvvəl «Garant İnşaat Sənaye» MMC-nin tələbi ilə «Qaradağ AA UNİVERSAL» sementin satışı Anar Ağayevə, bütün topdan və pərakəndə satış yerlərinə qadağan olunub. 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəmənin qərardadına əsasən Anar Ağayevə cinayət məsuliyyətinə dair xəbərdarlıq da elan olunub.

Amma görünən odur ki, A.Ağayev məhkəmə qərarını belə vecinə almır. Qaradağın bu dolaşıq vadisində “gizlətdiyi” “Qaradağ-EZ SPEAK” MMC-də qanunsuz sement istehsalını davam etdirir. Özü də bu qanunsuz istehsal həm də məşhur sement markalarının saxtalaşdırılması ilə baş verir.

“İstədiyiniz sementi doldururuq…”

Qanunsuz sement istehsalçısının çəkinməzliyinə söz yoxdur. “Qaradağ-EZ SPEAK” sexində müxtəlif sement markalarına aid boş kisələrin sayı bəlkə də onminlərlədir. Demək ki, burada  təkcə “Qaradağ-AA UNİVERSAL” saxtalaşdırılmır, burda istənilən sementin saxtasını almaq olar. Məsələn, elə həmin müəssisədəki mənbəmiz deyir ki, bu yaxınlarda sexdə üzərində “NORM” və “Akkord” şirkətlərinə məxsus loqolu kisələrə də sement doldurularaq bazara çıxarılıb. Satışı yaxşı olarsa, istehsal çoxalacaq. “Burada karton paket istehsal edən maşınımız var, istədiyiniz sementin paketini hazırlayıb içini doldururuq.”- kustar istehsalçı deyir.

20 ildir bənnalıqla məşğul olan usta Vaqif Əmirov deyir ki, bir qədər əvvəl bir evdə işləyirdim. “Ev yiyələri “Qaradağ- AA” sementi almışdılar. Ondan işlətdim. Kərpic kərpicə yapışmırdı. Bunu necə, niyə buraxırlar, kimdi bunu eliyən bilmirəm, amma ucuz olduğuna görə, çoxu buna qaçır”.

Acınacaqlı hal ondan ibarətdir ki, artıq xeyli müddətdir bazarda “dəyərindən ucuz”satılan sementlərin nə istehsalına, nə də satışına nəzarət edən yoxdur. Azca araşdırma aparsan, məlum olacaq ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Necə deyərlər, günlərin bir günü adi, xırda bir yer tərpənməsi yüzlərlə evi yerə gömə bilər. Xüsusən, nəzərə alınmalıdır ki, saxta sementlər nisbətən ucuz olduğundan rayonlarda daha çox yayılıb. Rayonlarda hətta, sosial obyektlərin də bu cür ucuz saxta sementlərlə tikildiyi deyilir.

Saxta sement bazarında “Qaradağ AA” tək deyil. “AZBETON” ondan geri qalmır…

KİV-də yayılmış məlumatlarda “Laçın-1” firmasının “AZBETON” markası da qalmaqalı ilə məşhurlaşıb. Qaradağ rayonu Sahil qəsəbəsində ərazisində “Laçın-1” firması da fəaliyyətdədir. İstehsal yeri keçmiş ferma yataqlarını xatırladan bu ərazidə sement istehsalını adam ağlına da gətirməz, bəlkə. Məşhur Qaradağ sement zavodunun arxasında, növbəti bir vadi. “Sement istehsalçısı”nın düz-əməlli tikilisi yoxdur, 1 mərtəbəli, ferma binasına oxşayan tikili. Ətrafda mal-qara, it-pişik. Sanki, sement istehsalçıları antisanitariyanı, keyfiyyətsizliyi özlərinə “standat” seçiblər. “Əla növ” kisələrində satışa çıxarılan sementin harada istehsal olunduğunu bilən istehlakçı ona yaxın durmaz.

“Laçın-1” firması istehlakçıları necə aldadıb?

Yeri daldalıqda olsa da, “Laçın-1” firmasını dövlət orqanları yaxşı tanıyırılar. Hələ 2012-2013-14-cü illərdə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Laçın-1” firmasında sement istehsalı ilə bağlı qanun pozuntuları ilə bağlı iş açılıb, firma külli miqdarda cərimələnib. Firmanın isement istehsalında istehlakçıları aldatdığı, yanlış məlumat verməsi, kisələrdə çəkidə alıcıları aldatması müəyyən olunub. Bu barədə rəsmi məlumatlar KİV-də yayılıb. Maraqlıdır ki, bu tip cəza tədbirlərinə baxmayaraq, “Laçın-1” fəaliyyətini və eyni qanunsuzluğu davam etdirir. Bazara çıxarılan “AZBETON” kisəsinin üzərində də “Əla növ”, “1-ci növ”, 400, 500 marka yazılır. Lakin kisənin tərtibatının gözəlliyinin əksinə olaraq, firmanın istehsal sahəsində laboratoriyası yoxdur, antisanitariya və natəmizlik baş alıb gedir. Bu cür şəraitdə çətin ki, aidiyyatı dövlət orqanları texnoloji proseslərə dair müsbət rəy verər. Yəqin, bu səbəbdəndir ki, “AZBETON” virtual aləmdə daha çox təqdim olunur. Bu sement markasına aid nə uyğunluq sertifikatı, nə keyfiyyət nəzarəti, laboratoriya sənədləri yoxdur. Başqa bir məlumatda isə bildirilir ki, «Laçın-1» firmasının istehsal etdiyi «Azbeton» sementinin keyfiyyətsiz və saxta olması faktı üzə çıxandan sonra aidiyyəti dövlət qurumları firmada yoxlama aparıblar.

Müəssisənin rəhbəri Anar Məlikov yoxlamanı necə lazımdırsa yola salıb və burda mövcud olan neqativ hallara göz yumulub. Bu məlumatlara da təəccüblənməyə bilmirsən… Dövlət qurumları aşkar qanunsuzluğa necə göz yumub, saxta sement istehsalına rəvac verə bilərlər? Ancaq fakt budur ki, “Qaradağ EZ SPEAK” MMC-də olduğu kimi, “Laçın-1” firmasında da texnoloji proseslərə heç bir nəzarət yoxdur. Kisələrin üzərinə yüksək markalar yazılır, ancaq bu markaları müəyyən edən laboratoriyaların olmadığı faktdır, axı. Hə, kağız üzərində, sosial reklam çarxlarında hər iki Anar öz sementinə dair bər-bəzəkli məlumatlar yayaraq bazara girir. İstənilən sement markasının kisəsinə oxşar marka yarada bilirlər. Ancaq son məhsul kisə deyil, sement olan istehsalda texnoloji proseslər, məhsulun keyfiyyəti daha önəmlidir, nəinki reklam çarxları…

Hər şey pulla həll olunur!?

Artıq xeyli müddətdir bazara saxta mal çıxaran bu firmaların məhsullarının satışına nəzarət demək olar ki, yoxdur. Məhkəmə qərarı ilə satışına qadağa qoyulmuş sementin istehsalçısı Anar Ağayev öz iş texnologiyasını gizlətmir, aşkar deyir ki, “hər şey pulla həll olunur”. Hətta, məhkəmə qərarını ləğv etdirəcəyini də iddia edir. Digər iddialara görə, firmanın təsisçisi Anar Məlikov İqtisadiyyat Nazirliyinin Dövlət Xidmətinin bəzi vəzifəli şəxsləri ilə «anlaşaraq» istehsal etdiyi məhsulları asanlıqla bazara çıxara bilir. Məhz firma rəhbərinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətli işçiləri ilə ortaq məxrəcə gəlməsi «Laçın-1” firmasına “AzSert” MMC tərəfindən 2015-ci ildə 1 illik uyğunluq sertifikatının verilməsi ilə nəticələnib. Halbuki istehsal olunan hər partiya mala keyfiyyət sertifikatı verilməli, sementin qarışığı, tərkibi göstərilməlidir. Lakin, firmanın “AZBETON”, “Qaradağ L1” sement markalarının istehsalına dair hər hansı sertifikat, keyfiyyəti və tərkibinə aid müşayiətedici sənədlər mövcud deyil. Elə “AzSert” MMC-dən verilən 1 illik sertifikatın da vaxtı bitib.  Saxta sement istehsalçılarının xammalı haradan alması, vergidən necə yayınmaları, əmək qanunvericiliyini pozaraq işçiləri qul kimi işlətmələri, bazara qaiməsiz mal çıxarmaları və s. də araşdırmalı suallardır. Bakının Keşlə qəsəbəsində fəaliyyət göstərən “Məişət Malları” ASC-nin istənilən saxta sement kisələrini hazırlaması da qanunsuz istehsala şərait yaradır. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan “Məişət Malları” ASC-nin qanunsuz sement istehsalından əldə etdiyi gəlir nə qədərdir? Bu sualları dövlət orqanları aydınlaşdırmalıdır. Aidiyyatı dövlət qurumları isə problemlərə biganədir.

Nəzarət etməli olan qurumdan adının çəkilməsini istəməyən məmur deyir ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması saxta iş adamlarının özbaşınalığına rəvac verib. Adi qaydada yoxlamanı həyata keçirmək mümkün deyil. KİV-də yayılan məlumatlar, istehlakçı müraciətləri əsasında yoxlama keçirilməsi üçün uzun bir bürokratik sənədləşmə proseduru aparılmalıdır. Bu da əslində bizə böyük əngəldir. İşbazlar da bu vəziyyəti fürsət bilib, bazara istənilən saxta malı çıxarır, keyfiyyətə heç kəs fikir vermir. Tam cəzasızlıq mühiti yaranıb.

Sement təhlükəsi hansı rayonlardadır?

İşbazlar üçün cəzasızlıq, sadə camaat üçün isə təhlükəli şərait yaranıb. Qanunsuz, saxta, keyfiyyətsiz sement bazardadır, rayonlarda ucuzluğuna görə əhalinin üz tutduğu “Qaradağ AA”, “AZBETON” sementləri ilə evlər, sosial obyektlər tikilir. Hətta, bəzi rayonlarda bu sementlərin satışına yerli məmurlar himayədarlıq edir. Tikinti materialları bazarı zatən yerli məmurların nəzarətindədir. Saxta sement satışında isə yaxşı qazanc var. Niyə də yaxşı qazanca biganə qalsınlar ki?! Saxta, keyfiyyətsiz sementlə inşa olunan tikililərin uçması, dağılması təhlükəsi isə məmurları narahat etmir. Bu biganəlik əhalini, xüsusən, ucuz sement alan kasıb təbəqəni faciə ilə üzləşdirə bilər. Bir də sosial obyektlərdə – uşaq bağçası, xəstəxana və məktəblərin tikinti və təmirində ucuz, saxta sementin istifadəsi həm dövlətə, həm də cəmiyyətə böyük zərbədir.  Çünki hər zaman gözlənilməz təbii hadisə saxta, keyfiyyətsiz sementlə inşa olunan tikintiləri haqlaya bilər.

Satışı qadağan olunmuş «Qaradağ AA UNİVERSAL», “Norm”, “Akkord” kisələrində saxtalaşdırılmış sementin, keyfiyyət nəzarətindən keçməyən “AZBETON” markasının satıldığı Xaçmaz, Qusar, Qəbələ, Qax, Zaqatala, Şəki, Balakən, Beyləqan, Fizuli, Saatlı, Sabirabad, Şirvan, Göyçay, Bərdə, Ağcabədi, Ağdaş, Lənkəran, Neftçala, Salyan. Şrvan, Hacıqabul rayonlarında son 1 ildə tikintilərin taleyi sual altındadır. Allah bu rayonların sakinlərini bədbəxt hadisələrdən qorusun!

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir