Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Müsavat prezident seçkilərinə rəsmən start verib

Müsavat Partiyası bu il keçiriləcək prezident seçkilərinə rəsmən start verib.

Bu haqda qərar partiya məclisinin yanvarın 27-də keçirilmiş sessiyasında qəbul edilib.

Partiyanın mətbuat xidmıətinin məlumatına görə, 2018-ci il prezident seçkiləri sessiyada müzakirə olunan əsas məsələlərdən olub. Müzakirələrin yekununda prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradılmasına qərar verilib.

Gülağa Aslanlı seçki qərargahının sədri vəzifəsinə seçilib. Qəragahın tərkibinin formalaşdırılması isə partiya divanına həvalə edilib.

Müsavat partiyasının prezident seçkilərində namizədi artıq bəllidir. Partiyanın 2014-cü ildə keçirilən qurultayında Müsavatın keçmiş başaqını İsa Qəmbərin namizədliyi irəli sürülüb.

Sessiyada iştirak edən İsa Qəmbər ölkədə dəyişiklik etmək, xalqı inkişaf yoluna çıxarmaq əzminin həddindən artıq önəmli olduğunu vurğulayıb. O, deyib ki, Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir.

“Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər”.

İsa Qəmbər Müsavat Partiyasının 2018-ci ildə prezident seçkilərində uğur qazanacağına əminliyini ifadə edib.

“20 Yanvar təqvimimizdə yer aldığı kimi, 31 Yanvar Günü də var. Məhəmməd Əmin Rəsulzadənin dünyaya gəldiyi bir gün var. Bu böyük şəxsiyyətin öz dostları, silahdaşları ilə birgə Azərbaycana bəxş etdiyi yol, ideologiya var, – müsavatçılıq yolu, müsavatçılıq ideologiyası. Bu yol haqq-ədalət yoludur. Bu yolla gedənlərin qələbəsi qaçılmazdır. O qələbənin ili, ayı, günü sual ola bilər. Amma, qələbənin olması qaçılmazdır, mütləq olacaq. Bir daha bəyan edirəm ki, bu yolu birgə gedəcəyik, bu yolu sonadək gedəcəyik”, İ.Qəmbər qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir